Ermənistan özünü sözün həqiqi mənasında uçuruma doğru aparır. Bu ölkənin Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlardan çıxmaq istəyi Ermənistan üçün müsbət heç nə vəd etmir. İrəvanın belə bir addım atması ona yalnız problemlər yaşadacaq.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Ermənistan iqtisadiyyatının, eləcə də enerji təminatının böyük bir qisminin Rusiyadan asılı olduğunu bu ölkənin rəsmi dairələri, hakimiyyət orqanları dərk etməlidir:
“Ermənistan Rusiyadan uzaqlaşıb Qərbə, Avropaya yaxınlaşsa, bu ölkənin ikinci Ukraynaya çevriləcəyi ehtimalı böyükdür. Zamanında Ukrayna da mərhələ-mərhələ Rusiyadan uzaqlaşıb Avropaya yön aldı. Kiyevdən Moskvaya qarşı istifadə etmək üçün ona Qərbdən yalan vədlər verildi, NATO, Avropa Birliyinin tamhüquqlu üzvülüyünə çevriləcəyi inandırıldı. Ancaq gördüyümüz kimi aradan illər keçsə də, Qərbin, Avropanın Kiyevə verdiyi vədlərin heç biri reallaşmadı. Qərb, Avropa yalnız Rusiyanı hərbi baxımdan zəiflətmək üçün Kiyevə öz maraqları naminə hərbi dəstək verməklə məşğuldur. Hesab edirəm ki, Ermənistan Ukraynanın acı taleyindən nəticə çıxarıb atacağı addımları bir daha götür-qoy etməlidir”.
Süleyman