"Xaricə qaçdıqdan sonra “siyasi mühacir”, "müstəqil bloger" adları altında söyüş şəbəkəsi, qondarma "milli müqavimət hərəkatı" yaradan, əsl həqiqətdə isə Azərbaycanın milli maraqlarına zidd mövqe tutan, hakimiyyəti hədəfə alan bir qrup radikal ünsürlərin növbəti təxribat projesi də iflasa uğradı".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O deyib ki, söhbət bu yaxınlarda Avropada yaradılmasına cəhd göstərilmiş, lakin yaradılan kimi də sabun köpüyü kimi havaya uçmuş, dağılmış qondarma “xalq parlamenti”ndən gedir:
"Özlərini "milli müqavimət hərəkatı"nın üzvləri adlandıran, lakin Fransa, İran, Rusiya, ABŞ, Ermənistan kimi anti-Azərbaycan mövqeli ölkələrə qarşı deyil, öz ölkəmizə qarşı mübarizə aparan söyüş şəbəkəsinin üzvlərinin Azərbaycanın qanuni parlamentinə - Milli Məclisə alternativ olaraq yaratmaq istədikləri "xalq parlamenti"nin ölü doğulması heç də təsadüfi deyil.
Bu saxta, qondarma "parlament"in ölü doğulmasını onun ideya müəllifliyinə iddia edən Tural Sadıqlının özü də etiraf edir. Onun bu günlərdə öz Yutub kanalında "Xalq Parlamenti ölü doğuldu..." başlığı altında etdiyi çıxışında bu saxta qurumun qrupbazlıq, saxtakarlıq, intriqantlıq, qeyri-şəffaflıq, təxribatçılıq və s. bu kimi səbəblər üzündən dağılması barədə səsləndirdiyi fikirlər də buna əyani sübutdur. "Millət", "Vətən", "Demokratiya", "Söz azadlığı" kimi pafoslu, təmtəraqlı şüarlar altında gizlənən və özlərindən "idealist mücahid" obrazı düzəldən bu saxtakarlar indi ən pis təhqiramiz ifadələrdən, küçə sözlərindən istifadə edərək bir-birilərini saxtakarlıqda, satqınlıqda, ara qarışdırmaqda, qrupbazlıqda və sairdə ittiham edirlər".
Komitə sədri qeyd edib ki, hazırda bu düşərgədə qarşılıqlı ittihamlar və təhqirlər havada uçuşur:
"Tural Sadıqlı Qurban Məmmədovu və Abid Qafarovu suçlayır, onlar da Tural Sadıqlını, Teymur Eminbəylini və digərlərini "yaş yuyub, quru sərirlər". Bax, budur bunların gerçək siması. Onlar "Vətən", "Millət" şüarlarını dərhal unutdular. Həmişə olduğu kimi şəxsi maraqlarını yenə də hər şeydən öndə tutdular. Və belələri iqtidara ağıl öyrətməyə, irad tutmağa, yol göstərməyə cəhd göstərirlər. Birinci iclaslarında bir araya gəlib dil tapa bilməyən və öz fərdi maraqlarını ortaya qoyan bu adamların hakimiyyətə gəlmək, xalqı idarə etmək iddiaları tamamilə gülüncdür və absurddur. Hamı elə ilk iclasda bunların gerçək üzünü gördü. Məsum "quzu" dərisi geyinmiş bu ünsürlər ilk fürsətdə bir-birlərini didməyə başladılar. Maskaları düşdü. Onların gerçək mübarizə adamı, vətən-millət sevdalısı olmadıqları üzə çıxdı.
Hakimiyyəti və xüsusən də Milli Məclisi hədəfə alan bu qondarma "xalq deputatları" elə ilk onlayn toplantılarında əyani surətdə göstərdilər ki, onların xalqımıza heç bir aidiyyatı yoxdur. Bir-birilərini oyunbazlıqda, saxtakarlıqda, "torba" tikməkdə ittiham edən, biri digərinə "nadürüst" deyən bu siyasi meyitlərin yaratdıqları "xalq parlament"i parodiyadan başqa bir şey deyil. Elə ona görə də ilk iclasları da son iclasları oldu. Siyasətdə tamamilə "piyada" olan adamların qondarma "parlament"i görünməmiş rüsvayçılıqla fiaskoya uğradı. Bütün siyasi hoqqabazları, avantüristləri məhz bu cür xoşagəlməz aqibət gözləyir".
Süleyman