"Ötən gün Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Qusar rayonunda "Meşə qardaşları" terror qruplaşmasına qarşı həyata keçirdiyi uğurlu əməliyyat onu deməyə əsas verir ki, ölkəmizin, vətəndaşlarımızın təhlükəsizliyi əmin əllərdədir. Hüquq-mühafizə orqanları hər zaman dövlətimizin keşiyindədirlər və ölkədə sabitliyin təmin olunması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, "Meşə qardaşları" terror qruplaşması uzun illər ölkəmizin şimal zonasında zaman-zaman öz məkirli planlarını həyata keçirməyə çalışıb:
"Müxtəlif vaxtlarda sözügedən qruplaşmaya qarşı adekvat tədbirlər görülsə də, lakin görünür hələ də onların müəyyən qalıqları mövcudluqlarını qoruyub saxlaya bilib və xarici dairələrin dəstəyi ilə Azərbaycanda yenidən gərginlik yaratmağa çalışıblar".
İctimai Birlik sədri deyib ki, “Meşə qardaşları" adlı terror qruplaşmasının Qusar rayonu ərazisində və digər şimal rayonlarımızda yenidən şəbəkələşməyə cəhd göstərməsi ciddi narahatçılıq doğururdu və konkret olaraq bu hərəkətlilik sözügedən zonada yaşayan vətəndaşlarımızı ciddi narahat edirdi:
"Yayılan məlumatdan da aydın olur ki, adıçəkilən şəbəkə yerli sakinlər arasında dövlətçiliyimizə qarşı təbliğat aparır, radikal dini cərəyana aid zərərli ideyaları vətəndaşlarımız arasında yayır, separatizmin ruporu kimi çıxış edirdi. Təbii ki, bütün bunlar da Azərbaycan Respublikasının qanunvericiliyinə zidd addımlardır. Təhlükəsizliyimiz üçün təhdid olan bu hərəkətlər hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alındı".
Arzuman Muradlı deyib ki, Qusar rayonunda hüquq-mühafizə orqanları tərəfindən "Meşə qardaşları" terror qruplaşmasına qarşı həyata keçirilən əməliyyat Azərbaycanda sabitliyi pozmağa, terrorçuluq və separatizmə cəhd göstərməyə çalışan, bu niyyətə düşən hər kəsə dərs olmalıdır.
Süleyman