
Fevralın 14-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Spiker Sahibə Qafarova gündəliyə 15 məsələnin daxil edildiyini bildirib. O, qeyd edib ki, qanunvericiliyə uyğun olaraq, hər il Milli Məclis Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini dinləyir. Sədr məsələ ilə əlaqədar olaraq ədliyyə nazirinin müavini Toğrul Hüseynovun, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin rəisi Elmin Həsənovun və rəis müavini Mehdi Abdullayevin iclasda iştirak etdiklərini söyləyib.
Sonra ədliyyə nazirinin müavini Toğrul Hüseynov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəni təqdim edib.
Bildirilib ki, 2024-cü il Azərbaycan üçün mühüm və əlamətdar ictimai-siyasi hadisələrlə zəngin olub. Belə ki, Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edilib. İşğaldan azad edilmiş ərаzilərdə genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilib, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq əhalinin doğma torpaqlarına qayıdışı təmin olunub. Eyni zamanda ötən il keçirilən növbədənkənar prezident seçkiləri və Milli Məclisə növbədənkənar seçkilər Azərbaycanın müstəqillik tarixində ilk dəfə ölkənin bütün suveren ərazisini, o cümlədən işğaldan azad edilmiş torpaqları əhatə edib. Bununla yanaşı, "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmuş 2024-cü ildə Azərbaycan dünyanın mötəbər beynəlxalq tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməklə qlobal əhəmiyyətli qərarların qəbuluna nail olub. Habelə, ölkəmizdə bələdiyyələrin formalaşmasının 25 ilinin tamam olmasi və 2025-ci il yanvarın 29-na təyin edilən növbəti bələdiyyə seçkiləri də ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdəndir.
Qeyd olunub ki, ötən il ərzində yerli özünüidarəetmənin inkişafı məsələləri diqqətdə saxlanılıb, bələdiyyələrin fəaliyyətində qanunçuluğa əməl edilməsi, qanunvericiliyin tələblərinin pozulması hallarının, onları yaradan səbəblərin aradan qaldırılması, bələdiyyələrə göstərilən metodoloji köməkliyin gücləndirilməsi istiqamətində işlər davam etdirilib. Yerli özünüidarəetmənin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilib və mövcud qanunvericiliyə bir sıra zəruri dəyişikliklər edilib.
Diqqətə çatdırılıb ki, hesabat ilində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 102831, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2557 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 99838 aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Normativ hüquqi aktların tələblərinə zidd olan 2594 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib. Ümumilikdə, həm aktlar həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı 2600-dən çox aktın dəyişdirilməsi və ya ləğv edilməsi təklif olunub. Bələdiyyələrin fəaliyyəti ilə bağlı baxılmış 4337 müraciətdən 463-ü təmin edilib. Şəhid ailəsi üzvlərinin, müharibə əlili və iştirakçılarının müraciətləri xüsusilə nəzarətdə saxlanılıb və belə müraciətlərdən 108-i təmin olunub.
Qeyd olunub ki, aparılmış araşdırmalar zamanı 51 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 21-i üzrə cinayət işi başlanılıb. Ötən il ərzində 103 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 77 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 16 inzibati xəta protokoluna xitam verilib, 11-i isə hazırda məhkəmələrin icraatındadır.
Bildirilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 9720 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib, həmin torpaqların bələdiyyə mülkiyyətinə qaytarılması təmin edilib.
Nəzərə çatdırılıb ki, 2024-cü ildə bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədilə büdcə gəlirlərinin artırılması, o cümlədən vergitutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi və uçotdan kənarda qalan vergitutma obyektlərinin vergiyə cəlb edilməsi, vergilərin və digər debitor borcların qanunauyğun hesablanaraq yığılması, əvvəlki illərdə icarəyə verilmiş bələdiyyə torpaqlarının icarə haqlarının mövcud bazar qiymətlərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilib.
"Elektron icra" informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən 2024-cü il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 11290 inzibati akt icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 16785 inzibati akt olub. Onlardan 6669 aktın icrası təmin edilib.
Ötən il ərzində yerli özünüidarəetmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilib. Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib.
İnzibati nəzarət zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınması məqsədilə ayrı-ayrı bələdiyyələrə vətəndaş məmnunluğunun yüksəldilməsi, bələdiyyə aktlarının qəbulu, vergi və ödənişlərin toplanılmasına nəzarətin gücləndirilməsi, büdcə vəsaitindən istifadə, bələdiyyə torpaqlarının idarə olunması və bir sıra digər məsələləri əhatə edən tövsiyələr göndərilib. Bələdiyyələrlə onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan arasında elektron sənəd dövriyyəsi təşkil edildikdən sonra bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının, habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.
Qeyd edilib ki, yerli özünüidarəetmə sahəsində aşkarlığın, şəffaflığın, ictimai iştirakçılığın artırılması ilə bağlı da ardıcıl tədbirlər görülüb. İl ərzində yerli özünüidarəetmə sahəsində görülən işlər barədə vətəndaşların məlumatlandırılması, aktual məsələlərlə bağlı bələdiyyələrin maarifləndirilməsi məqsədilə media subyektlərinin imkanlarından geniş istifadə edilib. Hazırlanmış müxtəlif tövsiyələr, bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi üzrə keçirilmiş müxtəlif tədbirlər Ədliyyə Nazirliyinin rəsmi saytında, "Bələdiyyələrlə iş" informasiya sistemində və digər saytlarda işıqlandırılıb. Yerli əhalinin rifahı naminə görülən işlər barədə bukletlər, broşürlər, video-çarxlar hazırlanaraq təqdim olunub. Sosial media vasitələrindən də aktiv istifadə edilərək yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuralarının "facebook" səhifələrində məlumatlar paylaşılıb. Bununla yanaşı, 2024-cü ildə Ədliyyə Nazirliyi tərəfindən, həmçinin müxtəlif maarifləndirmə və tədris tədbirləri təşkil olunub, metodiki tövsiyələr hazırlanıb, digər dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilib.
Bildirilib ki, ölkəmizdə yerli özünüidarəetmənin səmərəliliyinin artırılması məqsədilə 2024-ci il ərzində Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları, o cümlədən Prezident Administrasiyası, Milli Məclis və onun aidiyyəti komitələri ilə sıx əməkdaşlıq davam etdirilib. Həmçinin xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları arasında səmərəli təcrübə mübadiləsi aparılıb. 2024-cü ildə ölkəmizdə bələdiyyələrin yaranmasının 25 ilinin tamam olması ilə əlaqədar Milli Məclisin Regional məsələlər komitəsi, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları və digər aidiyyəti qurumların iştirakı ilə silsilə tədbirlər keçirilib. Habelə bələdiyyələrin birləşməsi və keçirilmiş növbəti bələdiyyə seçkiləri ilə əlaqədar müvafiq hüquqi maarifləndirmə tədbirləri həyata keçirilməkdədir.
Vurğulanıb ki, ümumilikdə 2024-cü il ərzində görülən işlər ölkəmizdə bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun yüksəldilməsinə və onların fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsinə xidmət edir.
Sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi barədə bu komitənin rəyini diqqətə çatdırıb. Bildirilib ki, 2024-cü ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı mühüm hadisələr baş verib. Belə ki, bələdiyyələrin birləşməsi prosesi baş tutub və artıq bələdiyyələr daha böyük resurslara malik olduğundan bu, onlar tərəfindən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artmasına, bələdiyyə vəsaitlərindən daha səmərəli istifadə edilməsinə imkan yaradacaq. Qeyd edilib ki, cari il yanvarın 29-da ölkənin bütün ərazisində bələdiyyə seçkiləri keçirildi və bu, bələdiyyələrin fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.
Nurlan Həsənov məruzə ilə bağlı fikirlərini açıqlayaraq, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət çərçivəsində 102831 bələdiyyə aktının hüquqi ekspertizadan keçirildiyini, onlardan 97 faizinin qanunvericiliyə uyğun hesab edildiyini və bunun müsbət göstərici olduğunu söyləyib. O, əldə edilən uğurlarla yanaşı, bəzi problemlərin olduğunu və onların həlli istiqamətində görülən tədbirlərin və maarifləndirmə işinin aparıldığının da məruzədə qeyd edildiyini bildirib. Habelə bələdiyyələrin maliyyə idarəçiliyində şəffaflığın təmin olunması ilə bağlı görülən işlərin müsbət məqamlardan biri olduğunu deyib. Qeyd edib ki, bu istiqamətdə qanunvericilik təkmilləşdirilib, vahid bələdiyyə xərcləri portalının yaradılması təmin olunub və bu, bələdiyyə büdcəsinin formalaşdırılmasında, idarə olunmasında şəffaflığın təmin edilməsini, bələdiyyə büdcəsindən daha səmərəli və məqsədyönlü istifadəni təşviq edir.
Komitə sədrinin müavini məruzənin yüksək səviyyədə hazırlandığını, Regional məsələlər komitəsində geniş müzakirə edildiyini və müsbət rəy verildiyini bildirib.
Məsələ ətrafında müzakirələrdə çıxış edən deputatlar Razi Nurullayev, Kamran Bayramov, Qüdrət Həsənquliyev, Bəhruz Məhərrəmov, Vüqar Bayramov, Əli Məsimli illik məruzənin qənaətbəxş olduğunu söyləyiblər, bəzi fikir və qeydlərini açıqlayıblar.
Milli Məclisin sədri Sahibə Qafarova öz çıxışında hesabatın ətraflı hazırlandığını, əvvəlki illərdən fərqli olduğunu, bir çox istiqamətlərdə görülən işlər, habelə gələcək planlar haqqında məlumat verildiyini bildirib. O, bugünkü müzakirələrdə deputatlar tərəfindən verilən təkliflərin də gələcəkdə nəzərə alınacağını və öz səmərəsini verəcəyini söyləyib. Spiker Milli Məclisin hər zaman əməkdaşlığa hazır olduğunu, parlamentdə çoxsaylı dinləmələrin keçirildiyini, deputatların seçicilərlə mütəmadi görüşdüyünü, mövcud problemlərin həlli ilə bağlı lazımi addımların atıldığını vurğulayıb.
Nazir müavini Toğrul Hüseynov müzakirələr zamanı səsləndirilən fikirlərin Ədliyyə Nazirliyi tərəfindən növbəti ildə hazırlanacaq məruzədə dəyərləndiriləcəyini və müvafiq işlərin görüləcəyini bildirib.
Sonra Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzə nəzərə alınıb.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 3 məsələsinin uyğunlaşdırma və dəqiqləşdirmə xarakteri daşıdığını və bu layihələrin “Normativ hüququ aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda baxılaraq qəbul ediləcəyini söyləyib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, layihədə normaların daha aydın və birmənalı ifadə edilməsi məqsədi ilə dəyişikliklər təklif edilir və həmin dəyişikliklər mahiyyətcə dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır.
Nəzərə çatdırılıb ki, İnzibati Xətalar Məcəlləsinə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna təklif edilən dəyişikliklərin əsas məqsədi həmin dəyişiklikləri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun qüvvədə olan 2.0.5-ci, 4.2-ci və 4.4-cü maddələrinə uyğunlaşdırmaqdır. Həmin Qanunun 2.0.5-ci, 4.2-ci və 4.4-cü maddələrinin tələblərindən məlum olduğu kimi, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla ölkəmizdə çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, İnzibati Xətalar Məcəlləsinin 606.2.1-ci və 606.2.2-ci maddələrinə "müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər" ifadəsinin, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna isə "hərbi qeydiyyatda olduğu" ifadəsinin əlavə edilməsi təklif edilir.
Sənəddə, həmçinin "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Qanunun 17.4-cü maddəsində nəzərdə tutulan "hərbi uçot" ifadəsinin dəqiqləşdirilərək "hərbi qeydiyyat" ifadəsi ilə əvəz edilməsi təklif edilir. 17.4-cü maddə məhz hərbi qeydiyyat orqanları tərəfindən hərbi vəzifəlilərin səfərbərlik zamanı hərbi xidmətə çağırılmasını müəyyən edir.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məsələyə rəhbərlik etdiyi komitədə baxıldığını və müsbət rəy verildiyini bildirib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Qeyd olunub ki, sənəddə nəzərdə tutulan dəyişikliklər texniki və terminoloji xarakter daşıyır, Qanunun mətninin ifadə tərzinin daha aydın və dəqiq olması məqsədi ilə təklif edilir.
Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, burada istifadə olunan "təhlükə potensiallı" sözləri "xüsusi riskli" sözləri ilə əvəz edilir. "Texniki təhlükəsizlik haqqında" Qanunda isə "Təhlükə potensiallı obyektlər" maddəsi təkmilləşdirilir və yeni redaksiyada verilir. "Lisenziyalar və icazələr haqqında" Qanuna təklif olunan dəyişiklik isə dəqiqləşdirmə xarakteri daşıyır. Burada "dövlət reyestri" sözlərinin əvvəlinə "vahid" sözünün əlavə edilməsi təklif olunur.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov sənəd barədə bu komitənin müsbət rəy verdiyini söyləyib.
Deputat Bəxtiyar Əliyev məsələ ilə bağlı bəzi qeydlərini səsləndirdikdən sonra qanun layihəsi qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin mahiyyəti barədə danışıb.
Nəzərə çatdırılıb ki, layihə "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2024-cü il 29 mart tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Adıçəkilən qanunla üzərinə həbs qoyulmuş əmlakın saxlanılması, əmlaka qulluqla əlaqədar tədbirlərin görülməsi, eləcə də həmin əmlakın idarə edilməsinin hüquqi bazasının təkmilləşdirilməsi həyata keçirilir. Eyni zamanda, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsinin halları və qaydasını nəzərdə tutan Cinayət-Prosessual Məcəlləsinə yeni 253-1-ci maddə əlavə edilib. Bu dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda, üzərinə həbs qoyulmuş əmlakın dəyərinin itirilməsinin qarşısını almağa, son nəticədə əmlak mülkiyyətçisinin mülkiyyət hüquqlarının qorunmasına xidmət edir. Qeyd edilib ki, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə əlaqədar tədbirlər mülkiyyət hüququnun məzmunu ilə bağlı olduğundan Mülki Məcəlləyə müvafiq dəyişiklik təklif olunur.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin digər 6 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu deyib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsini (ikinci oxunuş) təqdim edib.
O, layihənin BMT-nin müvafiq tövsiyələrinə uyğun olaraq hazırlandığını söyləyib. Qeyd edilib ki, dəyişikliklərdə "qanunsuz miqrantların saxlanılması" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilməsi təklif olunur.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məsələ barədə bu komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib.
Bildirilib ki, aviasiya hadisələri və insidentlərinin müstəqil səlahiyyətə malik qurum tərəfindən araşdırılmasına dair Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbləri nəzərə alınaraq, qanunun 16-cı, 17-ci, 18-ci və 19-cu maddələrində nəzərdə tutulan bir sıra səlahiyyətlərin dəqiq tənzimlənməsi təklif olunur. Habelə aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusunun müəyyən edilməsi məqsədilə qanuna yeni anlayışın əlavə edilməsi təklif edilir. Digər dəyişiklik “aerodrom istismarçısı” ilə bağlıdır. Hazırda aerodrom istismarçısı anlayışı aerodromu istismar edən fiziki və ya hüquqi şəxslə məhdudlaşır, təklif olunan dəyişikliyə əsasən buraya dövlət orqanı da əlavə edilir. Bununla da aerodromu istismar edən dövlət orqanlarının fəaliyyətinin hüquqi əsasının yaradılması təmin olunur.
Müzakirələrdə deputat Nizami Səfərov çıxış edərək məsələ barədə öz fikirlərini bölüşüb.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə söhbət açıb. O, birinci oxunuşda layihə barədə ətraflı məlumat verildiyini deyib və sənədin səsə qoyulmasını xahiş edib.
Dəyişiklikdə qeyd olunur ki, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 308.2.1-ci – 308.2.3-cü maddələrində nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda zərər vurulduqda yaranır. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Müzakirələrdə deputat Qüdrət Həsənquliyev məsələ barədə öz fikirlərini söyləyib. Millət vəkili Bəhruz Məhərrəmov isə qanunvericilik təşəbbüsü subyekti ilə məsələni müzakirə edib, nəticə barədə işçi qaydada məlumat veriləcəyini deyib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsindən bəhs edib. O, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim olunmuş layihə barədə birinci oxunuşda ətraflı məlumat verildiyini və dəstəkləndiyini, əlavə təkliflərin daxil olmadığını və sənədin mətnində dəyişikliklərin edilmədiyini deyib.
Deputat qeyd edib ki, qanun layihəsinin əsas məqsədi əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir. Layihənin icrası əlilliyi olan şəxslərin əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına təkan verəcək.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təklif olunan dəyişikliklərə dair rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini və ikinci oxunuşda sənədi dəstəklədiyini söyləyib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. O, bildirib ki, sənədin əsas məqsədi icbari tibbi sığorta xidmətlərinin optimallaşdırılması, əhalinin məmnunluğunun və əlçatanlığının artırılması, ilkin tibbi xidmətin səviyyəsinin yüksəldilməsini təmin etməkdən ibarətdir.
Birinci oxunuşdan sonra layihə ilə bağlı heç bir irad və təklifin daxil olmadığını deyən komitə sədri sənədin dəstəklənməsini xahiş edib.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Layihə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin verilməsi ilə bağlı normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyə əsasən, Məcəllənin 51.2-ci maddəsində göstərilən "qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar" termini 48.1-ci maddəyə (sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilən şəxslərin sırasına) də əlavə edilir. Bu şəxslərin sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının bir dəfə həyata keçirilməsi təsbit olunur.
Sənədlə bağlı müzakirədə parlamentin komissiya sədri Eldar Quliyev, deputatlar Vüqar Bayramov, Ülviyyə Həmzəyeva çıxış edərək öz fikir və qeydlərini bildiriblər. Komitə sədri Əli Hüseynli və deputat Nurlan Həsənov qaldırılan məsələlərə münasibət bildiriblər.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin qalan məsələlərinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev gündəliyin növbəti məsələsi olan “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Komitə sədri bildirib ki, layihə korrupsiyaya qarşı mübarizə üzrə səmərəliliyin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə bir sıra normaların təkmilləşdirilməsini və yeni normaların əlavə edilməsini nəzərdə tutur. Layihədə “korrupsiya” anlayışının yeni redaksiyada verilməsi təklif edilir. Belə ki, korrupsiya dedikdə vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştləri istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması, yaxud verilməsi nəzərdə tutulur. Həmçinin qanun layihəsində “korrupsiya riski”, “korrupsiya risklərinin idarə edilməsi” və “səlahiyyətli struktur bölmə (şəxs)” kimi yeni anlayışların da əlavə edilməsi təklif edilir.
Komitə sədri bildirib ki, təklif edilən dəyişikliklər əsasən üç aktual istiqaməti əhatə edir: orqanların (qurumların) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqlarının müdafiəsinə dair normativlərin təkmilləşdirilməsi, dövlət orqanlarında maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi funksiyalarını həyata keçirən müvafiq struktur bölmənin təşkil edilməsi.
Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə bir sıra texniki və dəqiqləşdirmə xarakterli dəyişikliklər də nəzərdə tutulur.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun, deputatlar Qüdrət Həsənquliyevin və Kamal Cəfərovun dəyişiklərlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin on ikinci məsələsi olan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.
O, bildirib ki, qanunun qüvvədə olan müddəalarına əsasən, Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar. Təcrübədən məlum olduğu kimi, orta əmək haqqı aylar və illər üzrə dəyişir. Qanundan göründüyü kimi, birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, zövqünə uyğun olmaması bu təminat növlərinin praktiki tətbiqində qeyri-müəyyənliklər yaradır.
Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və bununla da vətəndaş məmnunluğunun artırılması məqsədilə Qanunun 5-ci maddəsinin altıncı hissəsində müvafiq dəyişiklik təklif edilib.
Layihənin müzakirəsində Milli Məclisin komitə sədri Musa Quliyev və deputat Aydın Mirzəzadə çıxış ediblər, dəyişikliklərlə bağlı qeydlərini və suallarını səsləndiriblər.
Komitə sədri Hicran Hüseynova suallara aydınlıq gətirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar diqqətə çatdırıb ki, layihə hərbi qulluqçuların sosial rifahının bu sahədə inzibati məsuliyyət tədbirlərinin gücləndirilməsi vasitəsi ilə yaxşılaşdırılmasına xidmət edir.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna təklif edilən əlavə və dəyişikliyə əsasən, hərbi nizam-intizamın pozulmasına görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizinin hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavə kimi verilməsi təklif olunur.
Bununla paralel İnzibati Xətalar Məcəlləsinin "Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar" adlı 40-cı fəslində nəzərdə tutulan nizam-intizamın gücləndirilməsi məqsədilə bəzi inzibati sanksiyaların sərtləşdirilməsi, bəzi maddələrdə isə məsuliyyət yaradan əməllərin siyahısının konkretləşdirilməsi təklif edilir.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyevin sənədlə bağlı komitəsinin müsbət rəyi dinlənildikdən sonra qanun layihəsi səsvermədən keçərək birinci oxunuşda qəbul olunub.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təqdim edilən qanun layihəsi silahla, döyüş sursatı, partlayıcı maddələr və qurğularla davranma, onların dövriyyəsi sahəsində ictimai təhlükəsizliyin gücləndirilməsi məqsədi daşıyır.
Layihəyə əsasən, Cinayət Məcəlləsinin 228-ci maddəsinə təklif edilən dəyişiklikdə qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma həmin Məcəllənin qüvvədə olan 228.1-ci maddəsindən çıxarılaraq, bu əməlin ayrıca kriminallaşdırılması təklif edilir. Eyni zamanda, bu əmələ görə daha ağır sanksiya nəzərdə tutulur.
"Xidməti və mülki silah haqqında" Qanuna təklif edilən dəyişikliyə əsasən, odlu silah əldə etmək hüququnun 18 yaşdan artırılaraq 21 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına verilməsi təklif edilir. Həmin Qanunun 18-ci maddəsinə təklif edilən dəyişiklik isə texniki xarakterlidir.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məsələyə dair rəhbərlik etdiyi komitənin rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib.
Qeyd edilib ki, "Mühasibat uçotu haqqında" Qanunda dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli qanunla mühasibat uçotunu elektron formada aparmalı olan mühasibat uçotu subyektlərinin dairəsi müəyyən edilib. Buraya dövriyyəsi yüksək olan iri və orta sahibkarlıq subyektləri, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan publik hüquqi şəxslər, eləcə də fəaliyyəti xüsusi qanunlar əsasında tənzimlənən vergi ödəyiciləri aid edilib. Bu gün təqdim edilən layihəyə əsasən, büdcə təşkilatlarında da mühasibat uçotunun elektron formada aparılması təklif olunur.
Sənəddə mühasibat uçotunun elektron formada aparılmasının təmin olunması üçün "e-mühasibat" informasiya sisteminin tətbiqi nəzərdə tutulur. Qanun layihəsində "e-mühasibat" informasiya sisteminin təmin etməli olduğu məqsədlər müəyyən edilir. Belə ki, "e-mühasibat" informasiya sistemi mühasibat uçotunu elektron formada aparacaq mühasibat uçotu subyektləri üçün maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsi imkanını yaradır, həmçinin onların mühasibat uçotuna dair zəruri resurslara çıxışını təmin edir.
Qanun layihəsi mühasibat uçotunu elektron formada aparmalı olan subyektlər, o cümlədən büdcə təşkilatları tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyin artırılmasına, uçotun şəffaflaşdırılmasına, nəzarət tədbirlərinin optimallaşdırılmasına, daha operativ və az resurslar cəlb edilməklə həyata keçirilməsinə şərait yaradacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Süleyman