
Ramiz Mehdiyevin həbsi son günlərin əsas mövzularından biri oldu. Məncə, Ramiz Mehdiyev və onun ideyalarını müdafiə edənlər çoxdan həm siyasi, həm də psixoloji cəhətdən həbsdə idilər.
Çünki o, artıq keçmişdə törətdiyi əməllərin, köhnə təfəkkürün və düşüncənin əsirinə çevrilmiş bir siyasi fiqur idi. Lakin yeni islahatlar ölkədə yeni düşüncənin, dövlətçilik prinsiplərinin möhkəmlənməsinin, dövlətin milli maraqlarını qorumağa yönəlmiş siyasi yol xəritəsinin formalaşmasının əsasını qoydu və milli ideologiyanı ortaya çıxardı. Yeni idarəçilik sistemi böyük iradənin, eləcə də ölkənin gələcək təhlükəsizlik mənafelərinin qorunması və dövlətin qüdrətinin təmin edilməsi üçün öncədən planlaşdırılmış, müdrik şəkildə düşünülmüş idarəetmə metodunun tətbiqindən sonra formalaşıb. Təbii ki, ölkədə köhnə təfəkkürlü mürtəcə qüvvələr öz dayaqlarını möhkəmləndirmişdilər. İstər daxildə, istərsə də xaricdə müxtəlif məqsədlərə hesablanmış müxtəlif bəhanələrlə ölkəmiz üçün təhlükə törədən bu riyakar, xəyanətə meylli və ölkənin maraqlarını qurban verməyə hazır qüvvələri zərərsizləşdirmək, əl-qolunu bağlamaq və ölkəyə zərər vermələrinin qarşısını almaq heç də asan deyildi. Kimlərsə bunu çox asan yoluna qoymaq fikrinə düşürsə, yanılır.
Ölkə olaraq həmin qüvvələrin vəhşi maraqlarını və miqyasını nəzərə alsaq, prosesin çox mürəkkəb olduğunu dərk etmək lazımdır. Ölkədə siyasi sabitliyi pozmaq istəyən, milli təhlükəsizliyə təhdid yaradan və cəmiyyətin inkişaf yoluna mane olan bu dağıdıcı, mafiyoz meyilli qüvvələrin məqsədlərini zərərsizləşdirmək üçün zaman lazım idi. Bunun üçün ideoloji mübarizə yəni cəmiyyətdə milli-mənəvi dəyərləri, müasir düşüncəni və vətənpərvərliyi gücləndirmək, xarici təsirlər altında formalaşmış yanlış ideyaları ifşa etmək, informasiya və maarifləndirmə siyasətini gücləndirmək, sosial şəbəkələrdə təxribatçı təbliğata qarşı mübarizə aparmaq və son olaraq huquqi antikonistution çağırışlar edənlərə qarşı hüquqi mexanizmlər tətbiq etmək vacib idi. Bütün bunlar zaman tələb edir və əsas məqam həmin müddət ərzində ölkənin ciddi ziyan çəkməməsidir. Bu səbəbdən yeni islahatlar məhz bu prioritetlər üzərində formalaşdı. Və ölkədə sadaladığım üsullarla milli birlik, xalqın inamı və etimadı qazanılaraq böyük siyasi dəyişikliklərə nail olundu. Mürtəcə qüvvələrin zərərsizləşdirilməsi üçün konseptual plan hər mərhələ üçün nə edilməli olduğu, o cümlədən vacib ehtiyat tədbirləri, vəziyyətin dəqiq qiymətləndirilməsi, tam çirkaba bulaşmayan insanların reinteqrasiyası və reabilitasiyası, radikallaşmanın artması riskinin azaldılması üçün prevensiya proqramlarının hazırlanması işlənib hazırlanmışdır. Bütün bunları həyata keçirən İlham Əliyevin strateji və fundamental siyasəti və diplomatiyasıdır. İndi bəzi siyasi manyaklar olmayan şüurları səviyyəsində münasibət bildirirlər. Bəziləri isə üstündən xəyanət iyləri gələnlərdir ki, onların məqsədləri zətən bəllidir.
Dəyərli soydaşlar, xalqımız öz müdrikliyini ortaya qoydu. Bu təmizləmə əməliyyatının tam başa çatması üçün vahid mövqe formalaşdı. Biz suverenliyimizi bərpa etdik, ərazi bütövlüyümüzü də qazandıq, birlikdə zəfər tarixi yazdıq. Bu tarix bu ölkənin, bu xalqın, bu millətin tarixidir və dünya olduqca biz bu şərəfli, qürurlu tarixlə fəxarət hissi ilə yaşayacağıq.
Dəyərli soydaşlarım, bu gündə ictimaiyyəti çaşdırmağa cəhd edən mürtəcelərin tör-töküntüləri fəaliyyətdədirlər. Biz vətəndaşlar daima emosiyalarla yox, təmkin və ağıl ilə hadisələri analiz etməliyik. Cənab Prezidentin ətrafında sağlam, qalib, şərəfli iradə ilə, cəsarətlə birləşməli, dövlətimizə qarşı vuruşan ideologiyanı külə çevirməliyik. Bu müqəddəs yolda Cənab Prezidentə, ölkənin siyasi oksigeninin zəhərlənməsinə imkan verməyən siyasi qüvvələrə, hüquqi mexanizmləri həyata keçirən hüquq-mühafizə orqanlarına təhlükəsizliyimizi, asayişimizi qoruyan Ali Baş Komandanın komandasına uğurlar arzu edirəm.
Gücümüz birliyimizdədir.

Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri