
Son günlər internet şəbəkəsində yayılan “Azərbaycanın Rusiyadan Su-35 təyyarələri alacağı” barədə məlumat tamamilə spekulyativ xarakter daşıyır. Bu cür xəbərlərin başlıca məqsədi #Azərbaycan–#ABŞ və Azərbaycan–#Avropa münasibətlərində gərginlik yaratmaq, qarşılıqlı etimadı sarsıtmaq və süni etibarsızlıq mühiti formalaşdırmaqdır.
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra ordunun #Türkiyə modeli əsasında yenidən formalaşdırılması prosesinə start verib. Bu mərhələdə əsas məqsəd ordunun #NATO standartlarına cavab verən sistem və texnikalarla təchiz edilməsidir.
Eyni zamanda, #HHQ mütəxəssisləri uzun müddət müxtəlif ölkələrin təklif etdiyi döyüş təyyarələrinin imkanlarını və onların ordumuzda tətbiq perspektivlərini təhlil ediblər. Nəticə etibarilə, #Pakistan-#Çin birgə istehsalı olan JF-17C döyüş təyyarəsinin alınması qərara alınıb. Bununla bağlı Pakistanla müqavilə imzalanıb və ilk təyyarə artıq Ali Baş Komandana təqdim edilib. Müqavilə hələ tam icra edilməyib və yaxın zamanda yeni təyyarələr Hərbi Hava Qüvvələrinin inventarına daxil ediləcək.
Paralel olaraq Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ başlayıb. İki ölkə liderləri arasında təmasların intensivliyi və səmimiliyi göstərir ki, Azərbaycan ABŞ hərbi sənayesindən ehtiyac duyduğu texnika və vasitələri asanlıqla təmin edə bilər.
Bir xatırlatma edim, bir neçə il öncə qardaş Türkiyə HHQ- nin potensialını gücləndirmək məqsədilə NATO tərəfdaşlarından ala bilmədiyi dəstəyin təsiri ilə Rusiyadan S-400 sistemlərini tədarük etdi. Buna cavab olaraq, Türkiyə iştirak etdiyi F-35 layihəsindən çıxarıldı. F-35 layihəsi çərçivəsində sifarişləri icra edən türk şirkətləri milyard dollarlıq müqavilələri dondurmaq məcburiyyətində qaldılar. Hazırda Türkiyə bütün səylərinə baxmayaraq nə F-35 layihəsinə geri qayıda, nə də yeni F-16 təyyarələrinin alışını həyata keçirə bilir. Hətta pulunu ödədiyi halda texnikalar hələ də təhvil verilmir.
Belə bir məqamda "Azərbaycan Su-35 alır" iddiasının dövriyyəyə buraxılması və tirajlanması sadəcə hərəkətdə olan təkərə çomaq soxmaq cəhdidir.
Aqil Məmmədov, politoloq