Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur

Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur


Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında müttəfiqlik münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib.

Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Belə ki, hər iki ölkənin maraqları təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, həm də regional və qlobal layihələrdə birgə iştirakla daha da dərinləşir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, eləcə də Bakı–Tbilisi–Qars kimi nəqliyyat və enerji layihələri bu baxımdan strateji mahiyyət daşıyır. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi şəkildə keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Odur ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk xarici səfərini Azərbaycana etməsi də iki ölkə arasında strateji tərəfdaşlığın və dostluğun bariz nümunəsi kimi qiymtləndirilməlidir. Bu, Gürcüstan-Azərbaycan münasibətlərinə verilən önəmlə və eləcə də iki ölkənin gələcək əməkdaşlıq niyyəti ilə bağlı verilmiş açıq diplomatik mesajdır. Gürcüstan Prezidentinin səfəri həm regiondaxili inteqrasiya, həm də Cənubi Qafqazda sabitlik baxımından siyasi əhəmiyyət daşıyır.

Azərbaycan və Gürcüstan liderlərinin görüşündə enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, ticarət dövriyyəsinin artırılması ilə yanaşı ümumilikdə Cənubi Qafqazın gələcəyi ilə bağlı da geniş fikir mübadiləsi aparılıb. Bu da o anlama gəlir ki, səfər çərçivəsində müzakirə olunan məsələlər təkcə ikitərəfli deyil, həm də regional əhəmiyyət daşıyır.

Azərbaycan və Gürcüstan Prezidentlərinin görüşdən sonra mətbuata birgə bəyanatlarında da bu məqam xüsusi olaraq qeyd olundu və cənab İlham Əliyev bölgədə sülhün, əmin-amanlığın bərqərar edilməsinin iki ölkənin birgə marağında olan məsələ olduğunu diqqətə çatdırdı. Cənab Prezident çıxışında iki dost və qardaş ölkə olan Azərbaycan və Gürcüstanın bir-birinə çox bağlı olduğunu və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəklədiyini qeyd edərək birgə sərmayə layihələrinin böyük bir coğrafiya üçün önəmli olduğunu bildirdi. Ölkə başçısı Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya qovşaqlarının böyük əhəmiyyət daşıyan layihələr olduğunu və bunları nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələr kimi səciyyələndirdi.

Öz növbəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili də ilk səfərini Azərbaycan etdiyindən məmnunluq ifadə edərək iki xalq arasında bənzərsiz dostluğun inkişaf edərək gələcəkdə daha da möhkəmlənməsinə etibarlı zəmin yaradacağını əminliyini ifadə etdi. O həmçinin son vaxtlar ölkələrimizin dəfələrlə ikili standartların və xarici qüvvələr tərəfindən daxili işlərimizə müdaxilənin obyekti olduğunu da qeyd edərək buna baxmayaraq bu təhdidlərin aradan qaldırılmasında hər iki ölkənin qətiyyət göstərdiyini xüsusi olaraq qeyd etdi.

Səfər zamanı keçirilən görüşlər, müzakirə olunan məsələlər və verilən bəyanatlar onu deməyə əsas verir ki, Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji münasibətlər bundan sora qorunub saxlanılmaqla yanaşı, daha da inkişaf edəcək və güclənəcək.

Yusif Bağırzadə, politoloq
Xəbəri paylaş