
Prezident İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub.
Newscenter.az xəbər verir ki, burada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Binada müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı və işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün iş otaqları yaradılıb.
XXX
Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub.
Ikimərtəbəli mərkəzdəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var.

XXX
Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.
Em və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.
Təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.
Qeyd edək ki, kənddə inşa olunmuş bir çox qeyri-yaşayış binasının, o cümlədən məktəb binasının damında da Günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Yeni istifadəyə verilən Kəngərli tam orta məktəbi bunun daha bir nümunəsidir.

XXX
Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, müasir standartlara uyğun inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək.
Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.
Ölkədə yeni uşaq müəssisələrinin yaradılması prosesi işğaldan azad olunmuş ərazilərimizdə də uğurla davam edir. Həyata keçirilən bu layihələr həmin ərazilərimizə köçən uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin uğurlu nəticələrindəndir.

XXX
Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.
Birinci mərhələ üzrə buraya 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır.
Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb.

Sevinc Mehdiyeva