
Dayaz düşüncə və siyasi davranışları ilə seçilən siyasət şoumenləri həmişə olub, bu gün də var və gələcəkdə də olacaq.
Siyasi rəqabət məsuliyyət, vicdan, prinsipiallıq, qətiyyət və müdriklik tələb edir. Əks təqdirdə, bu keyfiyyətlərə malik olmayan şəxs bu rəqabətdə uduzmağa məhkumdur.Baxın, biz bunu həm dünya təcrübəsində, həm də Azərbaycan reallığında dəfələrlə görmüşük. Siyasət müxtəlif kontekstlərdə bir neçə mənada işlənə bilir. Məsələn, ərəblərdə bu söz dövlət idarəçiliyi, yönəltmək və mühakimə mənalarında işlədilir.
Digər ölkələrdə isə siyasət — ictimai və dövlət idarəçiliyi, həmçinin xarici və daxili siyasətlərin tənzimlənməsi üsulu kimi qəbul olunur.Və yaxud bir məqsədə çatmaq üçün yürüdülən tədbirlər və metodlar da siyasətin tərkib hissəsidir.
Qısa olaraq desək, siyasət bir topludur— yəni o, həm fəlsəfədə, həm İslamda, həm də idarəçilikdə mövcuddur. Əsas məsələ odur ki, siyasətlə məşğul olanlar bu davranışların hansından məharətlə istifadə etməyi bacarsınlar ki, öz dövlətlərinin və millətlərinin keçmişdə pozulmuş hüquqlarını bərpa edə və gələcək inkişafını təmin etmək üçün çalışsınlar.Yoxsa siyasətçi o deyil ki, rəqabət və siyasi mübarizə adı ilə hiyləgərliklə məşğul olsun. Bu, dayaz düşüncənin əsarətində olan siyasətşünaslara aiddir.
Belə bir məsəl var: “Cahil ilə bal yemə, Aqil ilə daş daşı.”
Təəssüf ki, bizim siyasi cahillər bütün həyatlarını elə cahil siyasətə bağladılar.Rəqabət — qarşı tərəfin, yəni rəqibin bütün keyfiyyətlərini obyektiv şəkildə qiymətləndirərdikdə sağlam rəqabət olur.
Təəssüf ki, biz bu yanaşmanı ənənəvi cahil siyasətçilərə aşılayıb mənimsədə bilmədik.Rəqibin uğurlarına qarşı riyakar yollar, məntiqsiz arqumentlər, yalançı şər-böhtan, şantaj siyasəti ilə mübarizə üsulunu seçmək — sizin öz zəifliyinizi və kiçikliyinizi sübut edən bariz nümunədir.
Biz "Qırmızı işğala" məruz qaldıq, bunu hamı bilir.
Amma bu qırmızı işığı dayandırmaq üçün o zaman bizim nə siyasi, nə hərbi, nə iqtisadi imkanlarımız var idi, nə də ki diplomatik təkamül prosesini keçmişdik ki, beynəlxalq imkanlardan istifadə edək, bizə dəstək olsunlar, bu qırmızı işğaldan xilas ola bilək. Və nəzərə alın ki, bu işğalda danışdığımız cahil siyasətçilərin əməyi və rolu heç də az deyil.
Ən azı səhlənkarlıqda kifayət qədər payları var. Zaman gəldi, siyasətimizdə dönüş nöqtəsi yarandı. Daha təcrübəli, mükəmməl idarəçilik prinsiplərini bilən şəxslər Azərbaycanın idarə olunması üçün məsuliyyəti öz üzərinə götürdü.
Və nəticə olaraq, yüz illərin bizim üçün qoyduğu böyük bir bəladan qurtulduq. Qırmızı işğalın acı nəticələrindən, o cümlədən bu problemi bizim üçün yaratmağa maraqlı olan, bu millətin kölə kimi yaşamasını istəyən digər “rəngli” işğalçılardan tam qurtulmaq üçün onlara layiqli cavab verə bildik. Bu, Azərbaycana münasibətdə beynəlxalq siyasətin təkamül prosesini həyata keçirməklə,
beynəlxalq münasibətlərdə dönüş məqamlarını yaratmaqla,
diplomatiyamızı və xarici siyasət tariximizi zənginləşdirməklə biz bu xoşbəxt, qürurlu günləri yaşamağa nail olduq.
Dövlət üçün, millət üçün çalışmaq, şanlı tarix yazmaq, milli birliyimizi qorumaq və möhkəmləndirmək üçün bu gün yürüdülən siyasətin incə taktikasını dərk edənlərə bu yolda hamımıza uğurlar!
Ramil Hüseynov