Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın regional və qlobal mövqeyini möhkəmləndirən strateji xətt

Azərbaycanın regional və qlobal mövqeyini möhkəmləndirən strateji xətt



“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində iştirakı Azərbaycanın xarici siyasətində yeni strateji mərhələnin formalaşdığını göstərir. Bu həm də Bakının təkcə yerləşdiyi coğrafiya olan Cənubi Qafqazda deyil, eyni zamanda Mərkəzi Asiyada mühüm aktorlardan, oyunçulardan bir olduğunun göstəricisidir. Son illərdə Azərbaycanın Cənubi Qafqazda bütün parametrlər üzrə qabaqcıl mövqeyə malik ölkəyə çevrilməsi, iqtisadi gücü, nəqliyyat-logistika imkanlarının artması ölkəmizi dünya dövlətləri, yaxınn və uzaq qonşularımız tərəfindən cəlbedici edib. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə dəvət edilməsi də məhz bu maraqdan, cəlbedicilikdən irəli gəlir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. O bildirib ki, Azərbaycanı Mərkəzi Asiya respublikaları ilə ortaq dil, ortaq mədəniyyət və mənşə birləşdirir:

“Ölkəmiz Mərkəzi Asiyanın hər bir subyekti ilə geniş istiqamətli əlaqələrə malikdir. Bu əlaqələr həm Türk Dövlətləri Təşkilatı, həm də ikitərəfli formatda inkişaf etdirilir. Mərkəzi Asiya Dövlət Başçılarının Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycanın təşkilatın tamhüquqlu üzvünə çevrilməsi isə həm sözügedən qurumun fəaliyyətinin səmərəliliyini artıracaq, həm də ona bir çox istiqamətlərdə əlavə dividentlər qazandıracaq. Eyni ilə Azərbaycan da təşkilatın tamhüquqlu üzvü olmaqla onun imkanlarından faydalanacaq”.

Millət vəkili qeyd edib ki, bu üzvlük hər şeydən əvvəl Azərbaycanın geosiyasi nüfuzunu artırır, ölkəni Mərkəzi Asiyanın ayrılmaz siyasi tərəfdaşına çevirir:

“Təşkilata üzvlüyün hər iki tərəfə faydalarına diqqət etdikdə bu fayda daha çox özünü nəqliyyat-logistika istiqamətində göstərəcək. Bu gün Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Avropaya çıxarılması üçün Azərbaycan ən optimal tranzit dövlət kimi çıxış edir. Elektrik enerjisi ötürmə xətləri, qaz nəqli, yaşıl enerji layihələri Azərbaycanı regionun enerji xəritəsində mühüm həlqəyə çevirir. Görüşlər zamanı Xəzər dənizi üzərindən enerji və nəqliyyat əlaqələrinin modernləşdirilməsi əsas müzakirə mövzularından biri oldu ki, bu layihədə də Azərbaycan burada həm tranzit ölkə, həm enerji ixracatçısı, həm də regional logistik körpü funksiyasını yerinə yetirir. Bundan başqa Çin–Mərkəzi Asiya–Azərbaycan–Avropa marşrutu olan Orta Dəhliz qlobal ticarətdə strateji əhəmiyyət qazanmaqdadır. İlham Əliyevin bu təşəbbüslərdə iştirakı Azərbaycanın logistika mərkəzi rolunu artırır, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Limanı və Ələt azad iqtisadi zonası kimi layihələrin əhəmiyyətini yüksəldir. Bu əməkdaşlıq türk dünyasının inteqrasiyasına töhfə verməklə yanaşı, ölkələr arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır. Beləliklə, İlham Əliyevin bu platformadakı aktiv çıxışları yalnız diplomatik jest deyil, Azərbaycanın gələcək onilliklərdə regional və qlobal mövqeyini möhkəmləndirən strateji xəttin tərkib hissəsidir”.

Süleyman
Xəbəri paylaş