
"Deportasiya bir şəxsin yaşadığı dövlətdən məcburi qaydada çıxarılması deməkdir. Bu, adətən miqrasiya qanunvericiliyinin pozulması, viza və ya icazənin müddətinin bitməsi, yaxud ictimai təhlükə yaratması kimi hallarda tətbiq olunur".
Bu fikirləri Newscenter.az-a səsləndirən vəkil Esmira Rzayeva deyib ki, Azərbaycan qanunvericiliyinə görə, deportasiya Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir:
"Dövlət Miqrasiya Xidməti (DMX) və ya məhkəmə qərarı ilə həyata keçirilə bilər. Deportasiya daha çox inzibati qərar əsasında aparılır. Xaric edilmə məhkəmə qərarı ilə, xüsusən cinayət törətmiş əcnəbilərə qarşı tətbiq olunur. Deportasiya və xaric edilmə aşağıdakı hallarda tətbiq oluna bilər:
Viza və ya yaşayış icazəsi müddətinin bitməsi;
Qanunsuz miqrasiya və ya icazəsiz əmək fəaliyyəti;
Milli təhlükəsizlik və ictimai asayişə təhlükə;
Cinayət törətmə və ya qanun pozuntuları;
Sığınacaq statusu rədd edildikdən sonra ölkəni tərk etməmək.
Hər bir şəxs deportasiya və ya xaric edilmə qərarına qarşı:
Məhkəməyə müraciət edə bilər, Apellyasiya şikayəti verə bilər, Beynəlxalq müdafiə hüququndan (məsələn, sığınacaq və ya qaçqın statusu) istifadə edə bilər".
Vəkil qeyd edib ki. əgər şəxsin ölkəsinə qayıtması həyat və ya azadlıq üçün təhlükə yaradırsa, onun deportasiyası yolverilməzdir:
"Azərbaycanda Deportasiya edilmənin əsasları aşağıdakılardır:
Cinayət törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edildikdə;
inzibati xəta törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma inzibati tənbeh tədbiri tətbiq edildikdə;
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edildikdə;
Azərbaycan Respublikası ərazisində olması arzuolunmaz hesab edildikdə;
qaçqın statusu verilməsindən imtina edildikdə;
vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə".
Esmira Rzayevanın sözlərinə görə, əgər siz Azərbaycan Respublikası ərazisində cinayət törətmisinizsə sizə cinayət işinin nəticəsi olaraq ölkə hüdudlarından kənara çıxarılma cəzası təyin edilə bilər:
"Ölkə hüdudlarından çıxarılan şəxslər aşağıdakı istiqamətlərdən birinə deportasiya edilə bilərlər:
Əcnəbi – vətəndaşı olduğu ölkəyə, bu mümkün olmadığı halda isə Azərbaycan Respublikasına birbaşa gəldiyi ölkəyə;
Vətəndaşlığı olmayan şəxs – bundan əvvəl daimi yaşadığı ölkəyə, Azərbaycan Respublikasına birbaşa gəldiyi ölkəyə, onu qəbul etmək istəyi olan və bu barədə vəsatət qaldıran ölkəyə;
İkili vətəndaşlığı olan şəxs – daimi yaşadığı və ya daha sıx əlaqəli olduğu ölkəyə".
Vəkil, "Əgər siz qanunları bilmədiyiniz üçün yalnışlıqla və ya səhhətinizdə olan problemlər, şəxsi problemlər vəs. üzrlü səbəblərdən dolayı ölkə ərazisində müddətdən artıq qalmısınızsa, sizin hüquqlarınızın miqrasiya orqanlarında müdafiəsi üçün komandamızın peşəkar və təcrübəli hüquqşünaslarına müraciət edə bilərsiniz. Belə ki, əgər ölkədə qanuni olma müddətiniz bitdikdən sonra çox uzun müddət keçməmişdirsə və siz yuxarıda qeyd edilən üzrlü səbəblərdən dolayı ölkəni tərk edə bilməmişsinizsə, bununla bağlı miqrasiya orqanında əsaslı və sübutlarla müdafiə olunmağa ehtiyacınız olacaqdır. Belə olan halda sizin barənizdə deportasiya ilə bağlı deyil, sadəcə cərimə ilə bağlı qərar qəbul ediləcəkdir və siz cərimə məbləğini ödədikdən sonra ölkəni tərk edib, sonradan istədiyiniz vaxt ölkəyə heç bir maneəsiz daxil ola bilərsiniz",-deyə vurğulayıb.
Süleyman











































