
Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi olmuş Qəhraman Məmmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə başlayıb.
Newscenter.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Növbəti iclas noyabrın 28-nə təyin olunub.
Qeyd edək ki, Q.Məmmədov son olaraq Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi olub.
Q.Məmmədov qızıl külçələri qabaqcadan əlbir olduğu şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
DTX-də aparılan cinayət işi üzrə Q.Məmmədova Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.(report)













































