
"Bu il bizim büdcə müzakirələrimiz “Konstitusiya və Suverenlik İli”nə təsadüf edir. Noyabrın 12-də xalqımız Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Konstitusiyamızın 30 illiyini qeyd etdi.
Eyni zamanda, bu ay Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin 5-ci ildönümü də qürurla qeyd olundu. Dövlət suverenliyimizin tam bərpasını təcəssüm etdirən bu tarixi hadisələr gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə xüsusi bir məna verir".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 2025-ci il 19 noyabr tarixli iclasında 2026-cı ilin Dövlət büdcəsi barədə çıxışı zamanı deyib.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkəmizin makroiqtisadi sabitliyini qorumağa imkan vermişdir.
Mürəkkəb beynəlxalq konyunkturaya baxmayaraq, iqtisadiyyatımızın dayanıqlığı və ardıcıl inkişafı təmin edilmişdir. Cənubi Qafqaz bölgəsinin lider dövləti kimi Azərbaycanın iqtisadi müstəqilliyi də möhkəmlənmişdir.
Qeyri-neft sektorunun artımı, ixrac potensialının genişlənməsi, energetika sisteminin fəal surətdə modernləşdirilməsi və “yaşıl enerji” layihələrinə yeni sərmayələrin qoyulması təsdiq edir ki, iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla davam etdirilir.
Azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri xüsusi olaraq qeyd edilməlidir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda innovasiyalar və enerji səmərəliliyi üzərində qurulan yeni iqtisadi model formalaşır.
Sosial sahəyə böyük diqqət yetirilir. İnsanların rifah halının daha da yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür".
Sahibə Qafarova deyib ki, qlobal çağırışların gücləndiyi şəraitdə Azərbaycan nəinki maliyyə intizamını qoruyub saxlamış, həm də büdcə gəlirlərinin artımını, büdcə xərclərinin sosial yönümünü və maliyyə ehtiyatlarının möhkəmlənməsini təmin etmişdir:
"Qeyd edilməlidir ki, 2026-cı ilin dövlət büdcəsi ölkəmizin sosial-iqtisadi inkişaf dinamikasını əks etdirir və iqtisadi sabitliyin daha da mökəmləndirilməsinə, insanların sosial müdafiəsinin gücləndirilməsinə yönəlmişdir.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat və xərcləri 41,7 milyard manat məbləğində proqnozlaşdırılmışdır.
Nəzərdə tutulan dövlət büdcəsi gəlirlərinin 57,4 faizi qeyri neft-qaz sektorunun payına düşəcək. Onu da qeyd edim ki, 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə qeyri neft-qaz sektorunun gəlirləri təqribən 11 faiz çox olacaq.
Büdcənin digər göstəriciləri barədə məruzə və məlumatlarda lazımi bilgilər veriləcək.
Yalnız onu qeyd etməliyəm ki, həmişə olduğu kimi, dövlət büdcəsinin prioritetləri ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması, sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq.
Və əminliklə söyləmək olar ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasına imkan yaradacaq".
Spiker deyib ki, 2026-cı ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunmuş və Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir:
"Qeyd etmək lazımdır ki, son illərdə yaranmış ənənəyə uyğun olaraq, parlamentdə təmsil edilən siyasi partiyaların rəhbərləri və nümayəndələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına dəvət olunmuş və iclasda onların hər birinə öz fikirlərini ifadə etməsi üçün şərait yaradılmışdır.
Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirmişdir.
Hesab edirəm ki, bizim aparacağımız müzakirələr səmərəli olacaq, burada deputatların fikirləri və təklifləri səslənəcək. Bununla əlaqədar mən millət vəkillərini müzakirələrdə fəal iştiraka dəvət edirəm.
İndi isə, hörmətli həmkarlar, biz məruzə və çıxışların ardıcıllığını müəyyən etməliyik. Təklif edirəm ki, əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin, maliyyə və iqtisadiyyat nazirlərinin məruzələri ilə başlayaq, sonra Mərkəzi Bankın və Hesablama Palatasının məlumatlarını dinləyək".
Süleyman










































