Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaqların cinayətə cəlb edilməsi daha böyük bir təhlükənin xəbərçisidir

Uşaqların cinayətə cəlb edilməsi daha böyük bir təhlükənin xəbərçisidir


Uşaq hüquqları insanlığın vicdanında ən həssas və ən müqəddəs mövqedə dayanır. Bu gün, Uşaq Hüquqları Günündə həmin həqiqət bizə bir daha xatırladır ki, bir cəmiyyətin sabahı, əslində, bu gün qucağında böyütdüyü uşaqların taleyi deməkdir. Uşaqların qorunması onların yalnız fiziki təhlükələrdən müdafiəsi deyil, həm də psixoloji sağlamlığının, emosional sabitliyinin, təhlükəsiz və sevgi dolu mühitdə böyümək haqqının təmin olunmasıdır. Hər bir uşaq öz dəyərini hiss etmədiyi bir mühitdə böyüyürsə, həmin cəmiyyətin gələcəyində yaranacaq boşluqları doldurmaq çox çətin olur. Dövlətin, ailənin və ümumilikdə bütün cəmiyyətin üzərinə düşən ən böyük məsuliyyət bu boşluqların yaranmasına imkan verməməkdir.
Uşağın sağlamlığı onun yaşamaq hüququnun ayrılmaz hissəsidir. Tibbi yardıma əlçatanlıq, sağlam qidalanma, gigiyena, təhlükəsiz həyat şəraiti, psixoloji rifaı, bütün bunlar uşağın gələcək inkişafının təməl sütunlarıdır. Dünyanın bir çox yerində hələ də uşaqlar lazımi tibbi xidmət ala bilmədiyi, müalicəsi gecikdiyi və ya mümkünsüz olduğu üçün həyatlarını itirirlər ki, bu, qlobal miqyasda ən ciddi insan hüquqları pozuntularından biri sayılır.
Təhsil isə uşaqların gələcəyini formalaşdıran ən ali hüquqdur. Hər bir uşaq öyrənmək, inkişaf etmək, bilik qazanmaq və öz taleyini qurmaq haqlarına sahibdir. Təhsildən yayınmanın, erkən nikahların, azyaşlı əməyinin, ailədaxili zorakılığın və sosial problemlərin yaratdığı maneələr uşağın həyat yolunu daha başlanğıcdan qaranlıq edir. Təhsilə mane olan hər bir faktor, əslində, gələcəyin işığını söndürən bir kölgədir. Bu gün qloballaşan dünya uşaqlara qarşı zorakılığın müxtəlif formaları ilə üz-üzədir. Fiziki zorakılıq, psixoloji təzyiq, seksual istismar, ailədaxili şiddət, sosial şəbəkələrdə təhdidlər, məktəblərdə aqressiya və müharibələrin yaratdığı fəlakətlər uşaqların həyatında sağalmaz izlər buraxır. Hər bir zorakılıq hadisəsi yalnız bir uşağın deyil, bir cəmiyyətin ruhunu yaralayır. Buna görə də uşaqların müdafiəsi təkcə hüquqi mexanizmlərlə deyil, həm də cəmiyyətin düşüncəsi, davranışı və mədəniyyətində köklü dəyişikliklərlə təmin olunmalıdır.
Uşaqların cinayətə cəlb edilməsi isə daha böyük bir təhlükənin xəbərçisidir. Sosial problemlər, ailə nəzarətinin zəifliyi, təhsil boşluqları, psixoloji təzyiqlər, düzgün yönləndirmənin olmaması uşaqları cinayət yoluna sürükləyə bilir. Bu hallarda uşaq təkcə hüquq pozucusu deyil, həm də cəmiyyətin müdafiə edə bilmədiyi bir fərd kimi faciəvi bir taleyin daşıyıcısına çevrilir. Cinayət qurbanı olan uşaqlar isə daha ağır travmalar yaşayır və bu travmalar onların ruhunda uzun illər sağalmayan yaralara çevrilir.
Bu günün mahiyyəti odur ki, uşaq hüquqları yalnız 20 noyabrda xatırlanan bir mövzu olmasın, hər günün, hər ailənin, hər idarənin, hər bir insanın yaddaşında yaşasın. Uşaqları qorumaq gələcəyi qorumaq deməkdir. Onların səsini eşitmək, göz yaşını silmək, təbəssümünü qorumaq, hüquqlarını təmin etmək insanlığın ən ali vəzifəsidir. Hər bir uşaq xoşbəxt böyüməyə, təhlükəsiz yaşamağa, təhsil almağa, qayğı görməyə və gələcəyə ümidlə baxmağa layiqdir. Bu həqiqət heç vaxt unudulmamalıdır.
Əli İbrahimov
Xəbəri paylaş