
Rusiya prezidenti Vladimir Putinin səfəri üçün Yeni Dehlidə Hindistan Milli Qvardiyasının mütəxəssisləri, pilotsuz uçuş aparatları, süni intellekt sistemləri və sifətin tanınması kameraları daxil olmaqla çoxqatlı təhlükəsizlik sistemi qurulub.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.
Bildirilir ki, Rusiya liderinin Hindistan paytaxtına gəlişi ərəfəsində onun Yeni Dehlidə planlaşdırdığı səyahətin bütün marşrutları üzrə yoxlamalar aparılır. Xüsusi yaradılmış idarəetmə mərkəzindən dronlar 24 saat müşahidəni təmin edəcək. Snayperçilər marşrutlar boyunca yerləşdiriləcək.
Kanalın mənbələrinə görə, Rusiya prezidentinin təyyarəsi Yeni Dehliyə enən kimi beş qatlı təhlükəsizlik perimetri işə düşəcək. Putinin təhlükəsizliyini Hindistan Milli Qvardiyası və Dehli Polisi, həmçinin Rusiya Federal Təhlükəsizlik Xidməti təmin edəcək.
Hindistan və Rusiya liderlərinin birgə tədbirləri zamanı onlara Hindistanın baş nazirinin təhlükəsizliyinə cavabdeh olan Hindistan Xüsusi Təhlükəsizlik Qrupunun üzvləri də qoşulacaq.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 4-5-də Hindistanda dövlət səfərində olacaq. Səfər zamanı Yeni Dehlidə 23-cü Rusiya-Hindistan sammiti keçiriləcək.
Süleyman










































