
"Ukrayna prezidenti Volodimir Zelenski nə qədər təcrübəsiz təqdim edilsə də, bu gün Putin və Trump tandeminə qarşı həm mübariz Ali Baş Komandan, həm də peşəkar diplomat, siyasətçi və əsl lider kimi çıxış edərək onları qabaqlaya bilir. Əvvəla, Trampın təqdim etdiyi 28 bəndlik sülh layihəsi faktiki olaraq mahiyyətinə görə kapitulyasiya sənədi kimi Zelenski tərəfindən birbaşa rədd edilmədi".
Newscenter.az xəbər verir ki, bunları politoloq Vüqar Dadaşov deyib. Onun sözlərinə görə, ancaq Zelenski elə bir siyasi gediş etdi ki, faktiki olaraq Tramp dalana dirəndi və Zelenski Trampın sülh planından imtina etmədən Londona səfər edərək Avropa liderlərinin iştirakı ilə hazırlanmış yeni sülh layihəsini təklif etməklə Trampı fakt qarşısında qoydu və Zelenski faktiki bu gediş ilə Trampın bütün "səylərini" sıfırladı:
"Trampın təqdim etdiyi sülh layihəsi nəinki qəbul edilmədi, heç müzakirə belə olunmadı. Təbii ki, Tramp fakt qarşısında məcburi şəkildə geri çəkilməyə məcbur edildi. Bu gedişi ilə Zelenski həm Trampı, həm də sülhə çox ehtiyacı olan, işğalını rəsmiləşdirmək istəyən Vladimir Putini üstələdi.
Digər bir vacib məsələ, Tramp və Putinin Zelenskiyə qarşı istifadə etdiyi "seçki" silahı da Zelenski tərəfindən zərərsizləşdirildi. Donald Tramp və Vladimir Putin Ukrayna prezidenti Zelenskinin legitimliyini sual altına alaraq Ukraynada yeni prezident seçkilərinin keçirilməsini tələb edir, baxmayaraq ki, Ukrayna Konstitusiyasına görə müharibə şəraitində ölkədə heç bir seçki keçirilə bilməz. Rusiyanın Ukraynaya hücum öncəsi nəinki mübarizə aparmaq, hətta Zelenskiyə ölkəni tərk etmək təklifinə rəğmən, Zelenski rus ordusunu Kiyevə hücumdan geri çəkilməyə məcbur etdi və bir həftəyə Ukraynanı məğlub edəcəyini planlaşdıran rus ordusunun 4 ildir ki, qarşısını alaraq müharibəni Rusiya ərazisinə belə keçirməyi də bacarıb. Əlbəttə ki, Ukrayna Rusiya ordusu haqqında mifi məhv edərək Rusiya, xüsusən də Putin üzərində psixoloji qələbə qazanıb".
Anar













































