
İran ərazisindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücum regionun təhlükəsizlik mühitinə ciddi təhdid yaradan və beynəlxalq hüququn prinsiplərinə zidd olan təhlükəli hadisə kimi qiymətləndirilməlidir. Xüsusilə hücumun hədəfləri sırasında mülki obyektlərin, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanının terminalının yer alması göstərir ki, söhbət təsadüfi insidentdən deyil, əvvəlcədən düşünülmüş və məqsədli xarakter daşıyan bir addımdan gedir. Mülki infrastruktura yönəlmiş zərbələr beynəlxalq humanitar hüququn fundamental normalarının kobud şəkildə pozulması deməkdir.
Belə bir hücumun məsuliyyəti şübhəsiz ki, onu həyata keçirən tərəfin üzərinə düşür. Dövlətlərin suverenliyinə hörmət və bir-birinə qarşı silahlı güc tətbiq etməmək prinsipi beynəlxalq münasibətlər sisteminin əsas sütunlarından biridir. Bu baxımdan, suveren Azərbaycan dövlətinin ərazisinə pilotsuz aparatlarla zərbə endirilməsi yalnız iki ölkə arasındakı münasibətlərə deyil, ümumilikdə regionda sabitlik və təhlükəsizlik mühitinə ciddi zərbə vurur.
Baş vermiş hadisə ilə bağlı İran tərəfinin aydın və şəffaf mövqe ortaya qoyması vacibdir. Beynəlxalq təcrübə göstərir ki, bu cür hadisələrə münasibətdə susqunluq və ya məsuliyyətdən yayınmaq gərginliyi daha da artırır. Regionda sülh və sabitliyin qorunması üçün hadisənin səbəbləri və məsul tərəflər barədə açıq izahat verilməsi zəruridir.
Hazırda baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və prokurorluq əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə istintaq hərəkətəri icra olunur.
Azərbaycan indiyədək bütün qonşu dövlətlərlə münasibətlərində qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasət yürüdüb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç vaxt üçüncü dövlətlərə qarşı istifadə olunmayacaq.
Azərbaycanın bu balanslı və məsuliyyətli mövqeyi regionda sabitliyin qorunmasına yönəlib. Belə bir şəraitdə Azərbaycanın ərazisinə qarşı silahlı hücumun baş verməsi dostluq və qonşuluq münasibətlərinin ruhuna zidd addım kimi qiymətləndirilməlidir.
Xüsusi diqqət çəkən məqam isə ondan ibarətdir ki, bu hadisə Azərbaycan rəhbərliyinin İranla münasibətlərdə humanitar və konstruktiv mövqe nümayiş etdirdiyi bir dövrə təsadüf edir. Prezident İlham Əliyevin İran xalqına qarşı həmrəylik nümayiş etdirməsi, humanitar jestlər göstərməsi və dəstək ifadə etməsi fonunda belə bir hücumun baş verməsi iki ölkə arasında etimad mühitinə ciddi zərbə vurur.
Eyni zamanda, bu hadisə regionda əvvəllər baş vermiş təhlükəsizlik insidentlərini də xatırladır. Azərbaycanın Tehran şəhərindəki səfirliyinə qarşı silahlı hücum iki ölkə arasında münasibətlərdə dərin narahatlıq yaratmışdı. Son dövrdə ardıcıl şəkildə baş verən belə hadisələr təsadüfi deyil və münasibətlərdə etimadın zəiflədiyini göstərən ciddi siqnallar kimi qiymətləndirilir.
Azərbaycan Respublikası beynəlxalq hüququn tanıdığı prinsiplərə uyğun olaraq öz təhlükəsizliyini təmin etmək və suverenliyini qorumaq hüququna malikdir. Dövlətin əsas vəzifəsi öz vətəndaşlarının təhlükəsizliyini və ölkənin ərazi bütövlüyünü qorumaqdır. Bu baxımdan, Azərbaycan özünümüdafiə hüququnu qoruyur və lazım gəldiyi halda bütün qanuni vasitələrdən istifadə etmək haqqına sahibdir.
Əminə Ağazadə, Milli Məclisin deputatı










































