Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

David Seliverstov: İran ərazisindən həyata keçirilən dron hücumu beynəlxalq hüququn kobud pozuntusudur

David Seliverstov: İran ərazisindən həyata keçirilən dron hücumu beynəlxalq hüququn kobud pozuntusudur


"İran ərazisindən həyata keçirilən dron hücumu təsadüfi hadisə kimi qiymətləndirilə bilməz və bu addım regionda gərginliyin artırılmasına yönəlmiş planlı təxribat xarakteri daşıyır".

Newscenter.az bildirir ki, bunları beynəlxalq hüquq müdafiəçisi David Seliverstov deyib.

Onun sözlərinə görə, bu hadisə Tehran rejiminin uzun müddətdir region siyasətində nümayiş etdirdiyi ziddiyyətli və ikili yanaşmanın növbəti təzahürüdür.

Seliverstov qeyd edib ki, Azərbaycan dövləti illərdir beynəlxalq hüququn əsas prinsiplərinə – dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyünə hörmət və daxili işlərə qarışmamaq prinsipinə sadiq qalıb:

"Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç vaxt üçüncü tərəflər tərəfindən İran İslam Respublikasına qarşı istifadə olunmayıb və olunmayacaq. Bu mövqe Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə beynəlxalq tribunalarda açıq şəkildə ifadə olunub”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycan tərəfinin bu qədər açıq və konstruktiv mövqeyinə baxmayaraq İran ərazisindən həyata keçirilən hücum beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir:

“Dövlət sərhədinin pozulması, mülki obyektlərin və mülki şəxslərin təhlükəyə atılması BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində təsbit olunmuş güc tətbiq etməmək prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Bu cür addımlar regionda sabitliyə xidmət etmir və dövlətlərin suverenliyinə qarşı yönəlmiş hərəkət kimi qəbul olunur”.

Seliverstov xüsusi olaraq vurğulayıb ki, Azərbaycan humanitar və diplomatik baxımdan həmişə balanslı mövqe nümayiş etdirib:

“Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasında baş vermiş faciəli hadisələrlə bağlı humanist mövqe nümayiş etdirərək İranın ali rəhbəri Əli Xameneiyə və digər həlak olanlarla bağlı başsağlığı ünvanlayıb, eyni zamanda İranın Azərbaycandakı səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazıb. Belə bir fonda İran ərazisindən Azərbaycan istiqamətində dron hücumunun həyata keçirilməsi nə diplomatik məntiqə, nə də beynəlxalq hüquq normalarına uyğun gəlir”.

Hüquq müdafiəçisi əlavə edib ki, Azərbaycan regionda sabitliyin tərəfdarı olsa da, dövlətin təhlükəsizliyi və suverenliyi mütləq prioritetdir:

“Beynəlxalq hüquqa əsasən hər bir dövlətin özünü müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının təhlükəsizliyi, ərazi bütövlüyü və vətəndaşlarının həyatı dövlət üçün qırmızı xəttdir. Əgər dövlətin suverenliyinə qarşı hücum baş verirsə, Azərbaycan beynəlxalq hüququn tanıdığı legitim müdafiə mexanizmlərindən istifadə etmək hüququna malikdir”.

Seliverstovun fikrincə, regionda yeni gərginlik ocaqlarının yaradılması heç bir tərəfin maraqlarına uyğun deyil, lakin təxribat siyasəti davam edərsə nəticələr qaçılmaz ola bilər:

“44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq iradəsinə malikdir. Bu gün də dövlət milli təhlükəsizlik məsələlərində qətiyyətli mövqedədir. Hər kəs anlamalıdır ki, suverenliyə qarşı yönəlmiş hər hansı addım beynəlxalq hüquq çərçivəsində müvafiq cavab tədbirləri ilə qarşılaşa bilər”.

Süleyman
Xəbəri paylaş