
"Türkiyənin ardınca Azərbaycanın da hədəfə alınması, təsadüf ola bilməz. Amma, burda məqsəd Azərbaycanı birbaşa müharibəyə çəkmək olmaya bilər. Böyük ehtimalla İranın ölkəmizə və Türkiyəyə qarşı bu addımı, digər qonşu ölkələrə qarşı aparılan siyasətin tərkib hissəsi olaraq təqdim olunur".
Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, İranın məqsədi daha çox regional münaqişənin genişlənməsi və siyasi mesaj xarakteri daşıyır:
"Bu baxımdan, Naxçıvan Beynəlxalq Hava limanının terminalına və Şəkərabad kəndində məktəb yaxınlığına İran ərazisindən buraxılan dronlar vasitəsilə zərbələrin endirilməsi heç şübhəsiz ki, İranın məqsədli şəkildə regionda münaqişənin genişlənməsinə xidmət edir. Əlbətdə ki, bunun arxasında bir tək İran olmaya bilər".
Ekspert deyib ki, region son illərin geosiyasi və geoiqtisadi maraqların toqquşduğu məkana çevrilib və məhz bu səbəbdən əvvəlki təsirini itirən qüvvələr üçün indiki vəziyyəti dəyərləndirmək fursətə çevrilə bilər:
"Azərbaycan dövləti baş verənləri, ölkə ərazisinə hücum və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. İran səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və baş verən hadisə ilə bağlı açıqlama tələb olunub. Bütün bunların fonunda ölkəmiz soyuqqanlı davranmalı və təxribata uymamalıdır. Biz bilirik ki, qonşu ölkədə müharibə gedir və daxildə olan qüvvələr fürsətdən istifadə edərək Azərbaycanı müharibəyə çəkmək üçün bu hücumu təşkil edə bilərlər. Digər tərəfdən Naxçıvanın müharibə zonasına daha yaxın olduğunu nəzərə alsaq, müharibənin yan təsirləri olacağı ehtimalı ola bilər. Çünki hər gün İran və ABŞ -İsrail arasında hərbi toqquşmalar daha da genişlənməkdədir və bunun bizim ərazilərə yan təsirləri olacağı gözlənilir. Xüsusilə də İranın daxilində olan vəziyyəti nəzərə alsaq, onun regionda müxtəlif hədəflərə dron və raket zərbələri endirə bilər, ehtimalı artır. Bu arada Türkiyə istiqamətində də hərbi raketlərin uçduğu və NATO qüvvələri tərəfindən vurulması ilə bağlı xəbərlər var. Naxçıvanın Türkiyə ilə xüsusi statusunu nəzərə alsaq və Türkiyə ilə sərhədyanı ərazidə yerləşdiyini də bura əlavə etsək, hədəfin alınmasındakı məqsəd ətrafında düşünməyə dəyər. Naxçıvanın Türkiyə ilə təhlükəsizlik haqqında müqaviləsi var və Naxçıvana qarşı hücumların arxasında məqsəd Türkiyəyə yönəlik mesajlar ola bilər".
Çingiz Şahbazi qeyd edib ki, Azərbaycan hələ ki diplomatik reaksiya verir və bu o demək deyil ki, bu istiqamətdə hücumlar intensiv hal alarsa, Azərbaycan cavab haqqından istifadə etməyəcək:
"Türkiyə faktoru İranı bu istiqamətdə ehtiyyatlı davranmağa məcbur edir. Amma, risk var və Türkiyə və Azərbaycan gərginliyin icində yer alıb. Bu səbəbdən bu hadisə regional müharibənin Cənubi Qafqaza sıçraması riskini göstərir".
Süleyman











































