Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran tərəfindən Azərbaycan istiqamətində atılan addımlar ciddi narahatlıq doğurur

İran tərəfindən Azərbaycan istiqamətində atılan addımlar ciddi narahatlıq doğurur


"Son günlər regionda baş verən hadisələr fonunda İran tərəfindən Azərbaycan istiqamətində atılan addımlar ciddi narahatlıq doğurur. Məsələnin mahiyyəti təkcə iki dövlət arasında baş verən insidentlə məhdudlaşmır. Burada söhbət həm də İran ərazisində yaşayan milyonlarla azərbaycanlının təhlükəsizliyinə və ümumilikdə regionda formalaşan yeni geosiyasi reallıqlara təsir göstərə biləcək bir prosesdən gedir".

Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, ilk növbədə diqqət çəkən məqam odur ki, Azərbaycan heç vaxt öz ərazisinin başqa dövlətlərə qarşı hərbi əməliyyatlar üçün istifadə edilməsinə imkan verməyən ölkə kimi tanınır:

"Azərbaycanın ərazisində xarici hərbi bazalar yoxdur və rəsmi Bakı regional gərginliyin artmaması üçün hər zaman balanslı mövqe nümayiş etdirməyə çalışıb. Belə bir ölkəyə qarşı hər hansı hücum və ya hərbi xarakterli təhdid yalnız ikitərəfli münasibətlərə zərbə vurmaqla kifayətlənmir, həm də regionda təhlükəsizlik mühitini ciddi şəkildə sarsıda bilər.

Digər tərəfdən, baş verənlərə daha geniş prizmadan baxmaq lazımdır. İran adlanan coğrafiyada on milyonlarla azərbaycanlı yaşayır və onların taleyi bu cür hadisələr fonunda istər-istəməz gündəmə gəlir. Belə bir vəziyyətdə Azərbaycan ərazisinə qarşı hərbi addımlar əslində həmin insanların da təhlükəsizliyinə və gələcəyinə yönəlmiş risk kimi qiymətləndirilə bilər".

Yusif Bağırzadə qeyd edib ki, xüsusilə mülki obyektlərin təhlükə altında qalması məsələsi daha ciddi narahatlıq yaradır:

"Hərbi qarşıdurmalar zamanı mülki infrastruktura və ya yaşayış məntəqələrinə təhlükə yaranması beynəlxalq humanitar hüququn əsas prinsiplərinə ziddir. Bu cür hadisələr baş verərsə, nəticələri yalnız siyasi deyil, həm də humanitar baxımdan ağır ola bilər.
Digər mühüm məqam Naxçıvanın təhlükəsizliyi ilə bağlıdır. Naxçıvan Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsi məhdud olan strateji bölgədir və burada yerləşən mühüm nəqliyyat infrastrukturu region üçün həyati əhəmiyyət daşıyır. Bu istiqamətdə hər hansı təhlükə və ya təhdid yalnız lokal hadisə kimi deyil, bütövlükdə regional logistika və kommunikasiya layihələrinə qarşı addım kimi də qiymətləndirilə bilər.

Bununla yanaşı, bu cür gərginliklər bəzi qlobal güclərin regionla bağlı planlarına da dolayı təsir göstərə bilər. Yaxın Şərqdə və Cənubi Qafqazda sabitliyin pozulması müxtəlif geosiyasi ssenarilərin aktivləşməsinə səbəb ola bilər. Bu isə region dövlətləri üçün əlavə risklər yaradır".

Politoloq hesab edir ki, məhz buna görə də mövcud vəziyyətdə ən rasional yanaşma gərginliyin daha da dərinləşməsinə imkan verməmək və diplomatik kanallar vasitəsilə problemlərin həllinə çalışmaqdır:

"Region onsuz da kifayət qədər həssas təhlükəsizlik mühitinə malikdir və yeni qarşıdurma ocaqlarının yaranması heç kimin maraqğında olmamalıdır.
Əgər vəziyyətin daha da eskalasiyasının qarşısı alınmasa, bu, yalnız iki ölkə arasında münasibətləri deyil, ümumilikdə regionda sabitlik və təhlükəsizlik balansını da ciddi şəkildə sınağa çəkə bilər".

Süleyman
Xəbəri paylaş