Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş verən hadisə İran daxilində yaşayan milyonlarla azərbaycanlının vəziyyətini yenidən gündəmə gətirir

Baş verən hadisə İran daxilində yaşayan milyonlarla azərbaycanlının vəziyyətini yenidən gündəmə gətirir


"İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan istiqamətində dron zərbəsinin endirilməsi regionda onsuz da gərgin olan təhlükəsizlik mühitini daha da ağırlaşdıran və ciddi siyasi nəticələr doğura biləcək hadisə kimi qiymətləndirilməlidir. Bu addım təkcə hərbi insident deyil, həm də qonşuluq prinsipləri əsasında qurulmağa çalışılan münasibətlərə açıq şəkildə zidd bir davranışdır. Bu hadisə xüsusilə ona görə diqqət çəkir ki, Azərbaycan indiyə qədər qonşu dövlətlərlə münasibətlərdə həmişə ehtiyatlı, balanslı və məsuliyyətli siyasət yürütməyə çalışıb".

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Azərbaycanın mövqeyi hər zaman aydın olub: ölkə öz ərazisinin başqa dövlətlərə qarşı hərbi məqsədlərlə istifadə edilməsinə imkan verməyən dövlət kimi çıxış edib:

"Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç vaxt İran və ya başqa bir ölkə üçün təhlükə mənbəyi olmayıb və olmayacaq. Bu baxımdan Naxçıvan kimi strateji və eyni zamanda mülki əhali üçün mühüm əhəmiyyət daşıyan bir bölgəyə zərbə endirilməsi ciddi suallar doğurur. Xüsusilə mülki obyektlərin, o cümlədən vətəndaşların istifadə etdiyi hava limanının hədəfə alınması beynəlxalq hüquq və humanitar prinsiplərin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

Məsələnin daha bir diqqət çəkən tərəfi isə Azərbaycanın İranla bağlı son dövrlərdə nümayiş etdirdiyi humanitar və siyasi jestlər fonunda bu hadisənin baş verməsidir. Azərbaycan rəhbərliyi İranın Ali dini liderinin ölümü ilə bağlı dərhal başsağlığı vermiş, səfirlik səviyyəsində rəsmi ehtiram nümayiş etdirmişdi. Hətta rəsmi Bakı tərəfindən İrana humanitar yardım göndərilməsi ilə bağlı təşəbbüslərin də müzakirə edildiyi bildirilirdi. Belə bir fonda baş verən hadisə rəsmi Tehranın siyasətində riyakarlığın və qeyri-səmimiliyin göstəricisi kimi qiymətləndirməlidir.

Digər tərəfdən, mülki infrastruktura qarşı dron hücumunun həyata keçirilməsi hərbi baxımdan da ciddi suallar doğurur. Bu cür addımlar daha çox zəif və qeyri-effektiv strategiyaların göstəricisi kimi qəbul olunur. Çünki mülki obyektlərin hədəf alınması nə hərbi üstünlük qazandırır, nə də strateji baxımdan real nəticə verir. Əksinə, bu cür addımlar beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir və hücumu həyata keçirən tərəfin imicinə ciddi zərbə vurur.
Tarix göstərir ki, Azərbaycana qarşı hər hansı təzyiq və ya hücum siyasəti aparan qüvvələr sonda bunun nəticələri ilə üzləşməli olublar. Azərbaycan öz təhlükəsizliyini və suverenliyini qorumaq üçün kifayət qədər siyasi və hərbi imkanlara malikdir. Buna görə də belə addımların regionda sabitliyi pozmaqdan başqa heç bir nəticə verməyəcəyi aydındır".

Politoloq qeyd edib ki, baş verən hadisə həm də İran daxilində yaşayan milyonlarla azərbaycanlının vəziyyətini yenidən gündəmə gətirir:

"Uzun illərdir ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın mədəni, dil və siyasi hüquqları ilə bağlı problemlər mövcuddur. Azərbaycanlı fəalların təqib olunması, ana dilində təhsil imkanlarının məhdudlaşdırılması və müxtəlif sosial-siyasi təzyiqlər bu mövzunun beynəlxalq müzakirə predmetinə çevrilməsinə səbəb olub.
Hazırkı gərginlik fonunda Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların hüquqları və onların üzləşdiyi problemlər daha geniş şəkildə gündəmə gətirilməlidir. Çünki regionda baş verən hadisələr göstərir ki, İran daxilindəki etnik və siyasi problemlər uzun illərdir həll olunmamış qalır. Bu məsələlərin açıq şəkildə müzakirə olunması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir.

Odur ki, Naxçıvana qarşı dron hücumu yalnız iki ölkə arasında baş vermiş texniki hərbi insident kimi qiymətləndirilə bilməz. Bu hadisə daha geniş siyasi və geosiyasi proseslərin tərkib hissəsi kimi dəyərləndirilməlidir".

Süleyman
Xəbəri paylaş