Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətimizin suverenliyinə yönələn bu cür hücumlar qətiyyətlə pislənməlidir

Dövlətimizin suverenliyinə yönələn bu cür hücumlar qətiyyətlə pislənməlidir


"Naxçıvan Muxtar Respublikasına qarşı İran ərazisindən həyata keçirilmiş hücum nəticəsində mülki infrastrukturun zərər görməsi və günahsız insanların yaralanması haqlı hiddət və narahatlıq doğurur. Mülki obyektlərin və yaşayış məntəqələrinin təhlükəyə məruz qalması beynəlxalq hüququn və humanitar prinsiplərin kobud şəkildə pozulmasıdır. Heç bir səbəb günahsız insanların həyatını riskə atan belə hərəkətlərə haqq qazandıra bilməz. Regionda onsuz da həssas olan təhlükəsizlik mühitində bu cür addımlar sülhə və sabitliyə ciddi təhdid yaradır və dövlətlərarası münasibətlərin əsas prinsipləri ilə uzlaşmır".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri Məmmədəli Babaşlı deyib. O bildirib ki, Azərbaycan hər zaman qonşuluq münasibətlərinə, qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə sadiq qaldığını göstərmişdir:

"Mülki insanların təhlükəsizliyini təhdid edən və dövlətimizin suverenliyinə yönələn bu cür hücumlar qətiyyətlə pislənməlidir. Bu kimi hadisələr bir daha göstərir ki, dövlət və millət olaraq birlik və bərabərliyimizi qorumaq, milli həmrəyliyimizi daha da möhkəmləndirmək həyati əhəmiyyət daşıyır. Tarix dəfələrlə sübut edib ki, Azərbaycan xalqının ən böyük gücü onun dövlətimiz ətrafında sıx birləşməsində, çətin anlarda birlik nümayiş etdirməsindədir".

"Yaralanan vətəndaşlarımıza şəfa arzulayır, Uca Allahdan dövlətimizi və xalqımızı hər cür təhlükə, fitnə və bəlalardan qorumasını diləyirik. Ümid edirik ki, belə hadisələr bir daha təkrarlanmayacaq və regionda sülh, qarşılıqlı hörmət və təhlükəsizlik prinsipləri üstün tutulacaq",-deyə Məmmədəli Babaşlı vurğulayıb.

Süleyman
Xəbəri paylaş