
8 Mart Beynəlxalq Qadınlar Günü xanımlarımızın ən əziz və əlamətdar Günü, həyatlarının ən xoş Bayramıdır.
Hesab edirəm ki, bu Günü Analar Günü adlandırmaq milli-tarixi və rəmzi baxımdan daha doğru olardı.
Azərbaycan qadını hər zaman şərəfli, müqəddəs ana adını uca tutmaqla müdrikliyi, ictimai-siyasi, mədəni həyatda fəallığı, işgüzarlığı, fədakarlığı və mübarizliyi ilə seçilib.
Şərqdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququ verilmişdir.
Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların cəmiyyətdə rolu daha da yüksələrək fəaliyyətləri genişlənib.
Bu gün cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada qadın əməyi görünməsin.
Azərbaycan Qadını Vətənpərvərdir, xilaskardır. Dövlətə sədaqətlə xidmət edən yüzlərlə qadın hərbi qulluçularımız var, onların bir qismi torpaqlarımızın azad edilməsində ön cəbhədə vuruşub, şəhid olub.
Mərd və fədakar analarımızın böyütdüyü oğulların sayəsində Azərbaycan öz torpaqlarını Ermənistanın əsarətindən xilas edərək ərazi bütövlüyümüzü təmin edib.
Hər birimiz bu cəsur övladların Analarına, Bacılarına borcluyuq.
Biz həmin Anaların qarşısında baş əyir, sonsuz minnətdarlığımızı bildirir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can saglığı, şəfalar diləyirik.
Azərbaycan qadınları ölkəmizi ən yüksək tribunalarda təmsil edir, dünyada sülh və humanizm çarçısı kimi tanınır.
İSESKO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkəmizdə, həm də beynəlxalq arenada Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır.
Mehriban xanım hər zaman qazilərimizə və şəhid analarına, bacılarına baş çəkir, onların qayğısına qalır, arxa-dayaq olur.
Onun bu xeyirxah ənənəsini davam etdirən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da daim qadınların qayğılarına həssas yanaşır, köməyini əsirgəmir.
Bu əziz gün münasibəti ilə qadınları təbrik edir, cansağlığı, səadət və işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.
Tanrı Sizi və doğmalarınızı qorusun!
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor










































