Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramazan ayı və Beynəlxalq Qadınlar Günü münasibətilə sosial aksiyası təşkil olunub

Ramazan ayı və Beynəlxalq Qadınlar Günü münasibətilə sosial aksiyası təşkil olunub


Benilüks Azərbaycanlıları Konqresi (Benelux Azerbaijanis Congress)-nin sədri Elsəvər Məmmədovun təşəbbüsü və dəstəyi ilə müqəddəs Ramazan ayı və Beynəlxalq Qadınlar Günü münasibətilə xüsusi sosial aksiyası təşkil olunub.

Newscenter.az xəbər verir ki, aksiya çərçivəsində bir neçə şəhid ailəsi öz evlərində ziyarət edilmiş, onlarla səmimi görüşlər keçirilmiş və bayram münasibətilə təbriklər çatdırılıb.

Ziyarətlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, onların cəmiyyət üçün göstərdikləri mənəvi güc və fədakarlıq bir daha yüksək qiymətləndirilib.

Bildirilib ki, Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi daim uca tutulur və onların ailələri hər zaman diqqət və ehtiramla əhatə olunmalıdır. Bu baxımdan keçirilən belə görüşlər həm mənəvi dəstək, həm də cəmiyyətin şəhid ailələrinə olan hörmətinin ifadəsi kimi böyük əhəmiyyət daşıyır.

Görüşlər zamanı ailələrlə səmimi söhbətlər aparılıb, Ramazan ayının mənəvi dəyərlərindən, birlik və paylaşma ruhundan bəhs edilib. Xüsusilə ailələrdə olan xanımlar Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edilib, onlara xoş arzular və ən səmimi diləklər çatdırılmışdır. Həmçinin ziyarət edilən ailələrə müxtəlif bayram sovqatları təqdim olunub.

Tədbirin əsas məqsədi müqəddəs Ramazan ayının mərhəmət və paylaşma ənənələrini yaşatmaq, eyni zamanda şəhid ailələrinə diqqət və qayğını bir daha göstərmək olmuşdur. Belə təşəbbüslər həm milli həmrəyliyin möhkəmlənməsinə, həm də cəmiyyətin sosial dəyərlərinin gücləndirilməsinə mühüm töhfə verir.

Beneluks Azərbaycanlıları Konqresi gələcəkdə də bu kimi xeyriyyə və sosial layihələri davam etdirərək şəhid ailələrinə və ehtiyacı olan insanlara dəstək göstərməyi qarşısına əsas məqsədlərdən biri kimi qoyduğunu bildirib.

Qeyd edək ki, aksiya çərçivəsində Vətən Müharibəsi şəhidi Məmmədli Məhəmməd Murad oğlu, Vətən Müharibəsi şəhidi İsmayılov Yusif İsmayıl oğlu, Qarabağ Müharibəsi şəhidi Kərimov Cavanşir( 1992- 1994), Qarabağ Müharibəsi şəhidi İsmayılov Şəmsəddin Yusif oğlu ( 1992-1994), Vətən Müharibəsi şəhidi Qasımov Azər Yaqub oğlu, Vətən Müharibəsi şəhidi Qumaşov Anar Saleh oğlunun ailələri ziyarət olunub.

Süleyman
Xəbəri paylaş