
2026-cı il aprelin 30-da Azərbaycan idmanında əldə olunan növbəti böyük uğur dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. Beləki Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında möhtəşəm nəticələr əldə etmiş yunan-Roma və sərbəst güləşçiləri, eləcə də qadın güləşi üzrə medal qazanan idmançıları və onların məşqçilərini qəbul edib. Görüş zamanı Azərbaycan güləş məktəbinin beynəlxalq arenadakı uğurları xüsusi vurğulanıb, idmançılarımızın göstərdiyi əzmkarlığın və peşəkarlığın ölkənin idman nüfuzunu daha da yüksəltdiyi qeyd olunmuşdur.
Vurğulamaq istərdim ki, son illərdə Azərbaycan idmanının qazandığı uğurlar ölkədə idmana göstərilən dövlət qayğısının və həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir.Azərbaycan güləşçiləri illərdir beynəlxalq yarışlarda göstərdikləri yüksək nəticələrlə ölkəmizin idman tarixində mühüm uğurlara imza atırlar. Onların Avropa və dünya çempionatlarında, eləcə də digər mötəbər turnirlərdə qazandıqları medallar Azərbaycanın idman sahəsində əldə etdiyi inkişafın ən parlaq göstəricilərindən biridir. Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında milli komandamızın komanda hesabında Avropa çempionu olması da Azərbaycan güləş məktəbinin gücünü və idmançılarımızın yüksək hazırlıq səviyyəsini bir daha nümayiş etdirdi.
Əlbəttə qazanılan bu nailiyyətlər yalnız idman uğuru deyil, eyni zamanda xalqımız üçün böyük sevinc və qürur mənbəyidir. Azərbaycan bayrağının beynəlxalq arenalarda ucaldılması, dövlət himnimizin səsləndirilməsi hər bir vətəndaşda fəxr hissi yaradır. İdmançılarımızın qazandığı qələbələr gənclər arasında idmana marağın artmasına, sağlam həyat tərzinin təbliğinə və vətənpərvərlik ruhunun güclənməsinə də mühüm təsir göstərir.
Maqsud Süleymanli
YAP Yevlax rayon təşkilatının əməkdaşı











































