
"ABŞ prezidenti Donald Tramp, Fars körfəzində ilişib qalmış gəmilərin müşayiəti əməliyyatının Tehranla sülh sazişinin mümkünlüyünü qiymətləndirmək üçün "qısa müddətə" dayandırılacağını açıqlayıb. O, bazar ertəsi günü başlayan "Azadlıq layihəsi"nin danışıqlarda vasitəçilik edən Pakistanın və digər ölkələrin xahişi ilə dayandırılacağını bildirib. Tramp administrasiyasının "Azadlıq layihəsi" (Project Freedom) cəmi 24 saat sonra dayandırıldı, çünki əməliyyat dərhal hərbi, diplomatik və iqtisadi təzyiqlərlə üzləşdi. Bu təzyiqlər, sülh danışıqlarını nəzərə almadan əməliyyatı davam etdirməyi çox riskli etmişdi".
Newscenter.az xəbər verir ki, bunları politoloq Əlimusa İbrahimov deyib. O bildirib ki, ABŞ qüvvələri İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) altı sürətli hərbi gəmisini məhv edib, İranın raket və pilotsuz uçuş aparatlarına qarşı müdafiə tədbirləri görüb:
"Eyni zamanda İran BƏƏ-yə məxsus bir neft tankerini vurub və Cənubi Koreya gəmisinə atəş açıb. Bu toqquşmalar kövrək atəşkəsi pozmaq və tam miqyaslı müharibəni yenidən alovlandırmaq təhlükəsi yaratdı. Ağ Ev bu riski görməməzlikdən gələ bilməzdi".
Politoloqun sözlərinə görə, “Azadlıq layihəsi” dayandırılmamışdan bir neçə saat əvvəl ABŞ Dövlət katibi Marko Rubio bəyan etdi ki, "İrana qarşı “Epik Qəzəb Əməliyyatı” başa çatıb və ABŞ bütün hərbi hədəflərinə nail olub". Hücum mərhələsi başa çatdıqdan sonra, rəsmi olaraq "müdafiə" xarakteri daşıyan yüksək riskli gəmi müşayiəti missiyasının əsaslandırılması xeyli zəiflədi.
Əlimusa İbrahimov onu da qeyd edib ki, İranın danışıqlar masasında əli güclənir.
Anar











































