
Avropa Orta Mənzilli Hava Proqnozları Mərkəzi (ECMWF) tərəfindən bu həftə açıqlanan yeni proqnozlar, rekord tarixə malik ən güclü El Nino hadisələrindən birinin qarşıdakı aylarda baş vermə ehtimalının artdığını göstərir.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, "Super El Nino" adlanan bu fenomen, qlobal temperatur artımları, qasırğalar və şiddətli quraqlıq kimi ekstremal hava hadisələri ilə bağlı narahatlıqları artırıb.
Sakit Okeanın müəyyən ərazilərində dəniz səthinin temperaturunun normadan yuxarı olması ilə xarakterizə olunan El Nino, qlobal iqlim modellərinə təsir edən təbii bir dövrdür. Lakin alimlər xəbərdarlıq edirlər ki, insan tərəfindən törədilən iqlim dəyişikliyinin yaratdığı istiləşmə ilə birləşdirildikdə, El Nino-nun təsirləri daha dağıdıcı ola bilər.
Avropa əsaslı proqnozlara görə, orta ekvatorial Sakit Okeanda dəniz səthinin temperaturu payız aylarında orta səviyyədən 3 dərəcə yuxarı qalxa bilər.
Bu proqnozlar gerçəkləşərsə və El Niño 2026-cı ilin sonuna qədər davam edərsə, iqlim alimləri 2027-ci ili qlobal temperatur rekordlarının qırılacağı bir il kimi proqnozlaşdırırlar.
El Niño, adətən qasırğaların əmələ gəlməsinin qarşısını alan yuxarı səviyyəli küləkləri artıraraq Atlantikdəki fırtınaları zəiflədir. Bununla belə, Sakit Okean hövzəsində tropik siklon aktivliyini artıra bilər.
ABŞ-ın qərbində orta səviyyədən yuxarı temperatur və rütubətə səbəb olur, ölkənin cənub yarısında quraqlıq riskini artırır. Digər tərəfdən, Mərkəzi və Cənubi Asiyanın və Yaxın Şərqin bəzi yerlərində orta səviyyədən yuxarı yağıntılara səbəb ola bilər.
Qeyd edək ki, 2015-ci ildə baş verən son "super El Niño" Efiopiyada şiddətli quraqlığa səbəb oldu və Puerto Rikoda su çatışmazlığına gətirib çıxardı. Elə həmin il Sakit Okeanda ümumilikdə 16 tropik siklon qeydə alınıb ki, bunlardan üçü eyni vaxtda 4-cü kateqoriyaya çatıb.
Alimlər bu güclü iqlim hadisəsinin təsirlərini azaltmaq və ona hazırlaşmaq üçün Sakit Okeanda temperatur dəyişikliklərini yaxından izləməyə davam edirlər.
Anar











































