
“Azərbaycanın bu günkü inkişafının, əldə etdiyi uğurların təməlində Heydər Əliyev siyasəti dayanır. Məhz Ulu Öndərin zamanında müəyyən etdiyi siyasət və onun uğurla davamının nəticəsidir ki, Azərbaycan yeni-yeni zirvələr fərh edir”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. Millət vəkili deyib ki, Heydər Əliyev bütün həyatını Azərbaycan dövlətinin inkişafına, Azərbaycan xalqının xoşbəxt yaşamasına sərf edib:
“Ulu Öndərin istərin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, istərsə də müstəqil respublikamızın prezidenti kimi fəaliyyəti çoxşaxəli, zəngin olub. Hər iki dövrdə Ulu Öndər böyük risklərə gedərək tarixi qərarlar verib, addımlar atıb. Əgər sovetlərin zamanında Heydər Əliyevin milliləşmə, milli-mənəvi dəyərlərə sahib olma, gələcək üçün gənc, bacarıqlı kadrlar yetişdirmək kimi fəaliyyəti Moskva tərəfindən ciddi təzyiqlərə məruz qalırdısa, müstəqillik illərində daxildəki müəyyən qüvvələr bu siyasi xəttin həyata keçməsini istəmir, hətta xaricdəki antiAzərbaycan qüvvələrdən dəstək alaraq ölkəni parçalamağa çalışırdılar. Qondarma Talış-Muğan Respublikası ideyası, Surət Hüseynovun dövlət çevrilişi cəhdləri, mart hadisələri və s. hamısı bu mənfu planın tərkib hissəsi idi. Heydər Əliyevin düşünülmüş siyasəti, qətiyyəti nəticəsində həmin xain planların heç biri baş tutmadığı təqdirdə Ulu Öndərin həyatına sui-qəsd cəhdləri edildi. Lakin şükürlər olsun ki, şər qüvvələrin xeyir üzərində qələbəsi baş tutmadı”.
Müstəqillik illərində kifayət qədər ağır siyasi-iqtisadi və sosial vəziyyətdə ölkəyə rəhbərliyə gələn Heydər Əliyevin qısa zamanda Azərbaycanda siyasi sabitliyi təmin etdiyini deyən İlham Məmmədov bildirib ki, ölkədə qanunsuz silahlı dəstələr ləğv edildi, siyasi sabitlik təmin olundu:
“Sonrakı mərhələdə isə qarşıda duran vəzifə Azərbaycanın iqtisadi inkişafına nail olmaq idi. Məhz Heydər Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət və neft strategiyası nəticəsində qısa müddətdə ölkəmizin iqtisadi imkanları da artdı və inkişaf dinamikası müşahidə edilməyə başladı. Ulu Öndərin şah əsəri olan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təməl daşı oldu”.
İlham Məmmədov deyib ki, Azərbaycanın bu gün əldə etdiyi uğurlar, regional və eyni zamanda qlobal aktora çevrilməsinin təməlində məhz Heydər Əliyevin uğurlu neft strategiyası dayanır:
“Neftdən gələn gəlirlərin səmərəli şəkildə istifadəsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, hərbi və müdafiə sənayemizin gücləndirilməsi nəticə etibarilə bizə Tarixi Zəfəri qazandırdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan işğal altında olan torpaqlarını azad etdi, ərazi bütövlüyümüz təmin olundu”.
Millət vəkili sonda onu da deyib ki, bu gün Heydər Əliyev siyasəti və ideyaları Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət nəticəsində Azərbaycan öz inkişaf dövrünü yaşayır.
Süleyman











































