Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən müharibəsinin cəsarətli döyüşçüsü Kənan İsmayılov Tarif-Qiyməti Siyasəti Şöbəsinin müdirinin qurbanına necə çevrildi?!

Vətən müharibəsinin cəsarətli döyüşçüsü Kənan İsmayılov Tarif-Qiyməti Siyasəti Şöbəsinin müdirinin qurbanına necə çevrildi?!


Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlarına görə ölkə başçımız İlham Əliyev cənabları tərəfindən dəfələrlə mükafatlandırılan Kənan İsmayılov Qubada “Alma bağı” Hotelində istirahət edərkən basqına məruz qalmış, xəsarətlər almış, lakin döyülməsinə və söyülməsinə baxmayaraq o məsuliyyətə cəlb edilmiş, onu döyən bir qrup şəxs isə nəinki məsuliyyətdən kənar qalmış, hətta zərərçəkmiş kimi tanınmışdır.

Newscenter.az xəbər verir ki, AR İqtisadiyyat Nazirliyinin Tarif-Qiymət Siyasəti Şöbəsinin müdiri Nəcəfov Ceyhun Qəzənfər oğlu 2025-ci ilin yanvar ayında “Alma Bağı” Hotelində mahnı səsinin yüksək çıxmasını bəhanə edərək Kənan İsmayılovun qaldığı otağın qapısını təpiklə və yumruqla vurur, səsə çıxan Kənan İsmayılovun üzündən yumruqla zərbə endirir, daha sonra Ceyhun Nəcəfovun hoteldə olan qohum əqrabası Kənanı yerə yıxaraq təpik və yumruqla xəsarətlər yetirirlər. Kənan nə qədər etsə də özünü müdafiə edə bilmir.

Ceyhun Nəcəfovun bacanağı Dövlət Su Ehtiyatları Agentliyinin Naftalan Su Melorasiya İdarəsinin rəisi Vəliyev Xəqani Cavanşir oğlu Kənan İsmayılova amansız zərbələr endirərək onu güləş fəndi ilə brasok atmış, yerə yıxılan Kənan İsmayılovu qadınlı-kişili bütün qohumları təpikləmişlər. Qeyd edək ki, orada iştirakçılardan biri Ceyhun Nəcəfovun polisdə xidmət edən qardaşının da olması sonradan bizə məlum olmuşdur.
Bütün bu faktlar hadisənin video görüntüsündə açıq aşkar görünür.

Kənan İsmayılov barəsində AR CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə Quba RPŞ-də cinayət işi başlanmış, iş Quba Rayon Məhkəməsinə verilmişdir. Bütün məhkəmə prosesi boyu araşdırılan sübutlar və video görüntü Kənan İsmayılovun əslində zərərçəkmiş, digər şəxslərin isə təqsirləndirilən olmalı olduqlarını təsdiq etsə də məhkəmə yekunda Kənan İsmayılovu təqsirli bilmişdir. Bununla bağlı istintaq dövründə müvafiq qurumlara lazımi şikayətlər edilsə də, şikayətlər cavabsız qalmışdır. Buna baxmayaraq məhkəmənin ədalətli qərar qəbul edəcəyini güman etdik. Lakin məhkəmə də əsassız və ədalətli olmayan qərar qəbul etmişdir.

Məhkəmə hökmündə video görüntü barədə bir cümlə belə yoxdur, məhkəmə video görüntünü görməzdən gəlmiş, yalnız və yalnız Kənan İsmayılovu təqsirli çıxarmaq üçün əlindən gələn bütün “köməkliyi” Ceyhun Nəcəfova göstərmişdir. Məhkəmənin bu qədər ədalətsiz hökm çıxarmasında marağının nə olması bu gün də bizə qaranlıqdır.

Heç hüquqşünas olmayan adi vətəndaş belə o videoya baxsa görəcək ki, kim təqsirlidir, kim zərərçəkmiş?!


XXX

Məsələ ilə bağlı Ceyhun Nəcəfovun vəkili, Vəkillər Kollegiyasının üzvü Vüsal Mirzəyev aşağıdakıları bildirib:

"İlk növbədə qeyd edim ki, həmin hadisəyə qədər ayrı-ayrı vaxtlarda Kənan İsmayıllı barəsində 2 dəfə cinayət işi başlanılmış, birinci prosesdə barışıq əldə olunmuş, ikinci
prosesdə amnistiya qərarı ilə azad edilmiş və bu isə onun istintaqa məlum olan üçüncü xuliqanlıq hərəkəti olmuşdur
Sosial şəbəkələrdə yayılan görüntülərin məzmunu isə kontekstdən kənarlaşdırılıb. 2025-ci ilin yanvar ayında Ceyhun Nəcəfov ailə üzvləri və qohumları (o cümlədən, biri qazi və biri müharibə iştirakçısı olan qohumları və azyaşlı uşaq) ilə birlikdə Quba rayonunda fəaliyyət göstərən istirahət mərkəzində olarkən, qonşu otaqda qonaq kimi qalan, sərxoş vəziyyətdə olan Kənan İsmayıllı, Kardiologiya İnstitutunun həkimi Mahir Bağırov və sonuncu ilə birlikdə çalışan 2 tibb bacısı (Kuzu Müşərrəf və Gülbacı Tağızadə) tərəfindən ictimai etik davranış qaydaları kobud şəkildə pozulub.

İstintaq materiallarında da qeyd olunduğu kimi həmin şəxslər sərxoş halda nalayiq ifadələr işlədib, yüksək səslə musiqi səsləndirib və ictimai əxlaq normalarına zidd davranışlar nümayiş etdirməklə otel sakinlərinin, o cümlədən C.Nəcəfovun və ailə üzvlərinin istirahətini pozublar.

Bununla bağlı otel əməkdaşları və digər qonaqlar tərəfindən onlara dəfələrlə irad bildirilməsinə baxmayaraq, həmin şəxslər davranışlarını dəyişdirməmiş, əksinə daha aqressiv hərəkətlərə yol verərək təhqiramiz və nalayiq ifadələr, söyüşlər işlətmiş, otel sakinlərinin dincliyini pozmağa davam etmişlər.

Bu zaman otelin digər qonağı tərəfindən gecə saat 1 radələrində (19 yanvar 2025-ci il tarixdə) həmin şəxslərin xuliqanlıq xarakterli hərəkətləri barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edilmişdir. Quba Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələnədək, C.Nəcəfov qonaqların dincliyini pozan şəxslərə irad bildirərək onları birgəyaşayış qaydalarına riayət etməyə çağırıb. Lakin qarşı tərəf sərxoş vəziyyətdə aqressiv davranaraq C.Nəcəfovun ailə üzvlərinin yanında nalayiq ifadələr işlətməyə davam etmiş və vəziyyəti gərginləşdirmişdir. Nəticədə tərəflər arasında qısamüddətli fiziki qarşıdurma yaranmışdır ki, yayılan videoda görünən epizodlar da yalnız bu məqamı əks etdirir. Hadisə zamanı
Kənan İsmayıllı qarşı tərəfə xuliqanlıq edərək ona bədən xəsarətləri yetirmişdir.

C.Nəcəfovun bu qarşıdurma nəticəsində müxtəlif bədən xəsarətləri aldığı məhkəmə tibbi ekspertizası tərəfindən də sübut olunmuşdur. Baş vermiş hadisə ilə bağlı Ceyhun Nəcəfov cinayət işində zərərçəkmiş şəxs qismində
tanınmış və cinayət işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir.

Məhkəmə gedişatı zamanı Kənan İsmayıllı barışığa cəhd etmək əvəzinə, vəkili Fərid Həsənovla birgə Ceyhun Nəcəfovu prosesdə sübutlardan biri kimi istifadə olunan, vəkil sirri sayılan və paylaşılmasına icazə verilməyən bu görüntüləri yaymaqla şantaj etmiş, Ceyhun Nəcəfovdan Quba Rayon Məhkəməsinə Kənan İsmayıllını bağışlaması ilə bağlı ərizə ilə müraciət etməsini israr etmişdir.

C.Nəcəfovun prosesdə əvvəldən də şikayətçi olmamış, bununla yanaşı K.İsmayıllının Vətən müharibəsi iştirakçısı olduğunu nəzərə alaraq Quba Rayon Məhkəməsinə onu
bağışlaması ilə bağlı ərizə ilə müraciət etmişdir.

Quba Rayon Məhkəməsinin 17.03.26. tarixli hökmü ilə K.İsmayıllı Cinayət Məcəlləsinin 127.1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri üzrə təqsirli hesab edilib, ona aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri növündə cəza təyin edilib. Milli Məclisinin “Konstitusiya və
Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19.12.25. tarixli qərarının 5.1-ci bəndi tətbiq edilərək, cəzadan azad edilib. Buna baxmayaraq, qarşı tərəf Ceyhun Nəcəfovun nüfuzuna xələl gətirmək məqsədilə videonu sosial mediada yaymışdır.

Hazırda şantaj elementləri də nəzərə alınmaqla məsələyə hüquqi qiymət verilməsi ilə bağlı sənədlər yenidən hazırlanır və aidiyyəti üzrə müraciət ediləcək.

Anar
Xəbəri paylaş