
Kənardan baxanda 7 iyun seçkilərinin sanki Ermənistana yox, Rusiyaya aid olduğu təsəvvürü yaranır. Çünki Putin Rusiyası Ermənistan siyasətinə yerləşdirdiyi proteje-agentlərindən hər hansı birini (Robert Köçəryan, Samvel Karapetyan, Gagik Tsarukyan) baş nazir kürsüsünə əyləşdirə bilmək üçün son günlərdə bütün resurslarını işə salıb. Eyni zamanda, Kreml bütün "ağır artilleriya"larını (Rusiyanın rəsmi şəxslərini və media simalarını) birbaşa Nikol Paşinyanın üzərinə qısqırdıb. Belə ki, bir yandan Sergey Lavrov, Dmitri Medvedev, Vyaçeslav Volodin, Sergey Şoyqu, Aleksey Overçuk, Konstantin Zatulin kimi rəsmilər Paşinyanı hədələyir və ya təhqir edir, digər tərəfdən isə Marqarita Simonyan və Vladimir Solovyov kimi propoqanda köpəkləri az qala hər gün Ermənistan baş nazirinin ünvanına olmazın təhqir, hədyan yağdırırlar. Bununla yanaşı, "Rosselxoznadzor"un "Cermux" suyundan tutmuş bir çox digər erməni məhsullarının Rusiyaya idxalını bloklaması da Moskvanın Paşinyan hökumətinə iqtisadi təzyiq siyasətinin bariz nümunəsi kimi dəyərləndirilir.
Beləliklə, “The Insider” nəşrinin də bugünlərdə bildirdiyi kimi Kremlin bu cür misli görünməmiş təzyiq və çirkli əks-təbliğat kampaniyasının əsas hədəfi məhz Nikol Paşinyanın yenidən baş nazir seçilməsini önləməkdir. Başqa sözlə desək, Kreml Ermənistan uğrunda rəsmən mübarizə aparır. Özü də təkcə Avropa İttifaqı ilə yox, həm də Azərbaycanla mübarizə aparır. Çünki Avropa İttifaqı kimi Azərbaycan da qarşıdakı seçkilərdə Paşinyanın qələbə qazanmasında maraqlıdır. Ən azından 8 avqust Vaşinqton sammitində əldə edilmiş razılaşmaların həyata keçirilməsi və yekun sülhün imzalanması üçün Nikol Paşinyanın hələ bir müddətdə Ermənistanın idarəetmə sükanının arxasında dayanması rəsmi Bakının maraqlarına cavab verir. Çünki Bakı regionda eskalasiyanın davam etməsində yox, dayanıqlı sülh və sabitliyin bərqərar olunmasında maraqlıdır.
Moskva isə bunun tam əksinə, Ukraynada müharibə gedərkən Cənubi Qafqazı tamamilə itirməsi ilə heç cürə barışmaq istəmədiyinə görə yenə də həmişəki, ənənəvi köhnə üsullardan istifadə edir: şantaj, hədə, ticarət blokadaları, kilsə faktoru və agentura şəbəkələrini işə salıb. Lakin indi Cənubi Qafqazda reallıqlar o qədər böyük sürətlə dəyişir ki, Moskva bu sürətlə ayaqlaşa bilmir, Kremlin dəyişikliklərə reaksiyası gecikir. Yəni ki, hazırkı reallıqlar artıq Kremlin köhnə metodlarının işləmədiyini göstərir. Regionun ən önəmli yeni reallığı isə odur ki, Moskva artıq regionda vahid "oyunçu” və yeganə diktə edən tərəf deyil. İndi Cənubi Qafqazda əsas diktə edən tərəf Azərbaycandır. Eyni zamanda, Türkiyə, ABŞ və Avropa İttifaqının da Ermənistana təsir imkanlarının artması Kremlin regionda manevr imkanlarını daha da məhdudlaşdırır. Bu mənada, bu gün Ermənistanda gedən seçki mübarizəsi həm də Rusiya ilə Azərbaycanın mübarizəsidir. Və görünən budur ki, Rusiya Cənubi Qafqazdakı bu yeni geosiyasi reallıqla barışmağa məcburdur. Moldova və Macarıstandakı seçkiləri uduzan Kreml Ermənistanda da fiasko ilə üzləşməyə məhkumdur.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































