
8–10 sentyabr 2026-cı il tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən WTM Spotlight Riyadh 2026 beynəlxalq turizm sərgisində Zakher Travel olaraq Azərbaycanı təmsil etməkdən böyük qürur duyduq.
Newscenter-az xəbər verir ki, bunu sözügedən şirkətin prezidenti Cəfər Qara deyib. O bildirib ki, Zakher Travel sərgidə öz stendi ilə iştirak etdi:

"Əsas məqsədimiz şirkətimizin beynəlxalq əlaqələrini genişləndirməklə yanaşı, Azərbaycanı turizm istiqaməti kimi Səudiyyə Ərəbistanında və ümumilikdə Körfəz ölkələri bazarında daha geniş tanıtmaq idi.


Sərginin üç günü bizim üçün olduqca məhsuldar keçdi. Bu müddət ərzində 500-dən çox B2B görüş və işgüzar müzakirə həyata keçirdik. Səudiyyə Ərəbistanından, Körfəz ölkələrindən və dünyanın müxtəlif bazarlarından olan turizm şirkətləri və peşəkarlarla yeni əlaqələr qurduq. Görüşlər zamanı Azərbaycanın turizm imkanlarını, Bakı ilə yanaşı regionlarımızı, mədəni və tarixi irsimizi, müxtəlif turizm məhsullarımızı tərəfdaşların diqqətinə çatdırdıq. Xüsusilə Səudiyyə Ərəbistanı bazarında Azərbaycana səyahətə olan yüksək və artan marağı bir daha müşahidə etdik".
O deyib ki, stendimizdə Azərbaycanın turizm potensialını əks etdirən videoçarxlar və müxtəlif təqdimat materialları nümayiş etdirildi:

"Eyni zamanda ölkəmizin yalnız turizm məkanı kimi deyil, mədəniyyəti, milli mətbəxi və qonaqpərvərliyi ilə də tanıdılmasına xüsusi diqqət yetirdik. Sərgi ziyarətçilərinə Azərbaycanın milli şirniyyatları və müxtəlif çərəzləri təqdim olundu. Bu da stendimizə gələn xarici qonaqlar tərəfindən böyük maraq və xoş təəssüratla qarşılandı.



Sərgidə digər mühüm istiqamətlərdən biri də Azərbaycanın sağlamlıq və tibbi turizm imkanlarının təqdimatı oldu. Zakher Travel-in tibbi tərəfdaşı Bakı Medical Plaza da bizimlə birlikdə sərgidə təmsil olunurdu. Stendimizi ziyarət edən qonaqlara Azərbaycanda mövcud olan müasir tibbi xidmətlər, müalicə imkanları və sağlamlıq turizmi haqqında ətraflı məlumat verildi. Məqsədimiz Azərbaycana gələn xarici qonaqlara ölkəmizin yalnız istirahət və səyahət üçün deyil, eyni zamanda keyfiyyətli tibbi xidmət və müalicə üçün də seçim ola biləcəyini göstərmək idi.

Sərgi müddətində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyi ilə də sıx əlaqədə olduq. Səfirliyin və diplomatik korpusun əməkdaşları sərgi müddətində iki dəfə stendimizi ziyarət edərək fəaliyyətimiz və təqdim etdiyimiz layihələrlə yaxından maraqlandılar. Sərginin son günü isə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Mütəllim Mirzəyev diplomatik korpusun digər əməkdaşları ilə birlikdə stendimizi ziyarət etdi. Görüş zamanı sərgidə gördüyümüz işlər, Azərbaycan turizminin Səudiyyə Ərəbistanında tanıdılması, mövcud imkanlar və gələcək perspektivlər barədə ətraflı fikir mübadiləsi aparıldı".

Cəfər Qara, "Biz Zakher Travel olaraq beynəlxalq turizm sərgilərində iştirakımızı yalnız şirkətimizin tanıdılması və yeni biznes əlaqələrinin qurulması kimi qiymətləndirmirik. Bu fəaliyyəti eyni zamanda Azərbaycanın turizm, mədəniyyət, qastronomiya və sağlamlıq turizmi potensialının beynəlxalq səviyyədə təbliğinə verilən töhfə hesab edirik.
WTM Spotlight Riyadh 2026-da keçirdiyimiz 500-dən çox işgüzar görüş, qurduğumuz yeni əlaqələr və Azərbaycan istiqamətinə göstərilən böyük maraq sərginin bizim üçün uğurlu nəticələrlə başa çatdığını deməyə əsas verir. İnanırıq ki, bu görüşlərin nəticələri yaxın gələcəkdə konkret əməkdaşlıqlara çevriləcək və Səudiyyə Ərəbistanından, eləcə də digər Körfəz ölkələrindən Azərbaycana daha çox turistin cəlb olunmasına öz töhfəsini verəcək",- deyə vurğulayıb.
Süleyman










































