
Mən Azərbaycan Respublikasının övladıyam və yəhudiyəm. Mənim tərbiyəmdə həm Azərbaycan dəyərlərinin, həm də anamdan aldığım yəhudi tərbiyəsinin xüsusi yeri var. Bu iki ənənənin mənə öyrətdiyi ən böyük dəyərlər isə həqiqət, vicdan, ədalət, insan ləyaqətinə hörmət və mərdlikdir.
Mənim üçün multikulturalizm yalnız müxtəlif dinlərin və xalqların bir yerdə yaşaması deyil. Əsas məsələ insanın hansı dinə mənsub olması yox, Allaha, Tanrıya nə qədər yaxın olması, vicdanının və əməllərinin nə qədər təmiz olmasıdır.
Bu baxımdan jurnalist peşəsinə hörmət edən, bu peşəni vicdanla və ləyaqətlə həyata keçirən bütün insanlara müraciət edirəm: hələ gec deyil. Sözün məsuliyyətini, peşə etikasını və insan ləyaqətinə hörməti qorumaq mümkündür.
Jurnalistika ədalət mühakiməsi deyil, manipulyasiya vasitəsi də deyil. Jurnalistin əsas gücü faktı yoxlamaq, həqiqəti olduğu kimi təqdim etmək, cəmiyyət qarşısında məsuliyyət daşımaq və insan ləyaqətinə hörmət etməkdir.
Xronoloji materiallarda qeyd olunan məsələlərə obyektiv və hüquqi yanaşmaq, səhv və ya təsdiqlənməmiş məlumat varsa, onu düzəltmək peşəkar jurnalistikanın gücüdür. Mənim hörmət etdiyim jurnalistikanın mahiyyəti də məhz budur — həqiqətin yanında dayanmaq və cəmiyyətin etimadını qorumaq.
Məhz bu anlayışa verdiyimiz dəyərin nümunəsi olaraq, Magen David Azərbaycan tərəfindən “Əkinçi” qəzetinin 150 illiyi münasibətilə Bakıda jurnalistlər üçün təşkil olunan tədbiri qeyd etmək istəyirəm. Bu tədbir jurnalistlərin fəaliyyətinə və Azərbaycan jurnalistikasının inkişafına verilən hörmətin ifadəsi idi. Bu, bir daha göstərir ki, Azərbaycan jurnalistikaya və sözün məsuliyyətinə hər zaman açıq olub.
Mənim rəhbərliyimdə Monitorinq TV fəaliyyət göstərdiyi dövrdə də əsas prinsiplərimizdən biri yalnız yoxlanılmış məlumatlara yer vermək, Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə, xalqın təhsil və maarifləndirilməsinə xidmət edən, dövlət və xalq üçün müsbət iz buraxan məsələləri diqqətə çatdırmaq olmuşdur.
Bu gün hesab edirəm ki, jurnalistikanın qarşısında daha böyük məsuliyyət dayanır. 2026-cı ildə media sahəsində həyata keçirilən hüquqi və institusional dəyişikliklər fonunda biz daha nümunəvi olmalıyıq. Daha düzgün, operativ, obyektiv və məsuliyyətli xəbər verməliyik.
Mən həqiqətin qarşısında gözümü zərrə qədər də qırpmıram. Hüquqlarımı da qarşıdurma yolu ilə deyil, qanun və hüquq çərçivəsində müdafiə edirəm.
Bununla bağlı bildirirəm ki, 15 sentyabrda Salih Allahverdiyevin rəhbərliyi ilə vəkillər qrupu tərəfindən Azərbaycan Respublikasının məhkəməsinə müraciət edilməsi planlaşdırılır. Məqsəd şəxsi qarşıdurma yaratmaq deyil, məsələyə hüquqi qiymətin verilməsini və həqiqətin qanun çərçivəsində müəyyən olunmasını təmin etməkdir.
David Seliverstov
"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri










































