
Bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri ilə bağlı xəbəri xüsusi əhəmiyyətli hesab edirəm.
58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nümayəndənin iştirak etdiyi bu səfər artıq 22-ci səfərdir. Bu rəqəm Azərbaycanın azad edilmiş ərazilərdə apardığı bərpa və quruculuq prosesinin beynəlxalq nümayəndələrin diqqətində olduğunu göstərir.
Qarabağ həqiqətlərinin dünyaya çatdırılması hər zaman Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olub. Bu gün isə həmin həqiqətləri izah etmək üçün əlavə sözlərə ehtiyac daha azdır. Çünki Qarabağda görülən işlər, yenidən qurulan şəhərlər, bərpa olunan tarixi-mədəni irs və doğma torpaqlarına qayıdan insanlar Azərbaycanın yaratdığı yeni reallığı özü göstərir.
Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə keçirilən bu səfərlər də məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Diplomatik nümayəndələrin Qarabağ və Şərqi Zəngəzurda gedən proseslərlə yerində tanış olması Azərbaycanın yaratdığı reallığın beynəlxalq ictimaiyyətə birbaşa təqdim olunmasına imkan verir.
Mən hesab edirəm ki, diplomatik korpusun bu ərazilərə səfərlərinin ən mühüm tərəfi də məhz budur: Azərbaycan öz Zəfərindən sonra qarşısına qoyduğu məqsədləri necə həyata keçirdiyini beynəlxalq nümayəndələrin gözləri qarşısında nümayiş etdirir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti artıq konkret nəticələrini göstərir. Qarabağda həyat bərpa olunur, insanlar öz yurdlarına qayıdır və bu torpaqlar Azərbaycanın ümumi inkişaf prosesinə yenidən qoşulur.
Bu mənada hər belə səfər yalnız Qarabağın bu gününü göstərmir, həm də onun gələcəyi ilə bağlı aydın təsəvvür yaradır. Qarabağ artıq yalnız Zəfərimizin tarixi nəticəsi kimi yox, Azərbaycanın yeni inkişaf mərhələsinin mühüm hissəsi kimi formalaşır.
Bu gün Qarabağ haqqında danışmaqdan daha çox, Qarabağı göstərmək zamanıdır. Çünki burada hər yeni yol, hər bərpa olunan məktəb, hər yenidən ucaldılan bina və doğma yurduna qayıdan hər bir ailə Azərbaycanın yaratdığı reallığın canlı sübutudur.
Diplomatik nümayəndələrin bu torpaqları öz gözləri ilə görməsi isə həqiqətin ən güclü ifadəsidir. Azərbaycan artıq Qarabağ həqiqətlərini yalnız anlatmır - Qarabağda qurduğu gələcəyi dünyaya göstərir.
Qarabağ dirçəlir, Azərbaycan daha da güclənir!
Fatma Yıldırım,
Milli Məclisin deputatı










































