
28 May – Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində yalnız siyasi hadisə deyil, milli iradənin, azadlıq düşüncəsinin və dövlət qurmaq əzminin təntənəsidir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız təkcə öz müstəqilliyini elan etmədi, eyni zamanda bütün Şərq və müsəlman aləmi üçün yeni siyasi model ortaya qoydu. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası kimi tarixə düşərək xalqımızın yüksək siyasi təfəkkürünü və dövlətçilik potensialını nümayiş etdirdi.
İstiqlal Bəyannaməsinin qəbul olunması Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrinin yeni mərhələsini başlatdı. Həmin dövrdə mürəkkəb beynəlxalq şəraitə və regiondakı siyasi qarşıdurmalara baxmayaraq, Azərbaycan xalqı öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi. Cümhuriyyətin fəaliyyəti cəmi 23 ay davam etsə də, bu qısa müddət ərzində milli parlamentin yaradılması, dövlət atributlarının təsis olunması, milli ordunun formalaşdırılması və demokratik institutların qurulması istiqamətində mühüm addımlar atıldı. Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, bütün vətəndaşlara milli, dini və irqi mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqların verilməsi həmin dövr üçün olduqca mütərəqqi yanaşma idi.
Azərbaycan Xalq Cümhuriyyəti yalnız siyasi deyil, həm də mədəni və maarifçilik baxımından mühüm irs formalaşdırdı. Təhsilin ana dilində aparılması barədə qərarın qəbul edilməsi, Bakı Dövlət Universitetinin yaradılması və milli kadr hazırlığına xüsusi önəm verilməsi gələcək dövlətçilik ənənələrinin əsasını təşkil etdi. Məhz bu addımlar milli kimlik şüurunun güclənməsinə və xalqın öz dövlətinə bağlılığının möhkəmlənməsinə xidmət etdi.
Cümhuriyyətin xarici siyasət kursu da xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq, dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələr qurmaq istiqamətində atılan addımlar ölkəmizin beynəlxalq hüququn subyekti kimi tanınmasına səbəb oldu. Bu, 1920-ci ildə bolşevik işğalından sonra belə Azərbaycanın dövlətçilik ideyasının tamamilə məhv edilməsinin qarşısını aldı.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli yaddaşında azadlıq və istiqlal rəmzi kimi yaşamağa davam etdi.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan Respublikası özünü hüquqi və siyasi baxımdan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin və məsuliyyətli vəzifədir. Məhz Ümummilli Liderin siyasi iradəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan mürəkkəb tarixi mərhələdən keçərək dövlətçiliyini qorudu, sabitlik və inkişaf yoluna qədəm qoydu. Üçrəngli bayrağın ilk dəfə rəsmi şəkildə Naxçıvanda qaldırılması isə milli istiqlal iradəsinin simvoluna çevrildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları yeni mərhələdə uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, üçrəngli bayrağın işğaldan azad edilmiş torpaqlarda dalğalanması Cümhuriyyət qurucularının arzularının reallığa çevrildiyini göstərir. Müasir Azərbaycan artıq regionun güclü və söz sahibi olan dövlətidir.
28 May Müstəqillik Günü təkcə tarixi keçmişin xatırlanması deyil, həm də gələcək nəsillərə dövlətçilik ənənələrinin, milli birliyin və müstəqillik ruhunun ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tarix xalqımızın azadlıq idealının sarsılmaz olduğunu və Azərbaycanın dövlət müstəqilliyinin əbədi, dönməz xarakter daşıdığını bir daha nümayiş etdirir.
Yusif Bağırzadə, politoloq












































