Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

14-cü Gənclər İnkişaf Forumu keçirilib

14-cü Gənclər İnkişaf Forumu keçirilib


İyunun 16-da Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində “Sərhədsiz gənclər: regional rifahın birgə təşviqi” mövzusunda 14-cü Gənclər İnkişaf Forumu keçirilib.

Newscenter.az xəbər verir ki, forumda regional inteqrasiyanın gənclər üçün yeni iqtisadi imkanların yaradılmasına, əmək bazarlarına çıxışın genişləndirilməsinə, sahibkarlıq və innovasiya fəaliyyətinin təşviqinə verdiyi töhfələr müzakirə olunub. Eyni zamanda, gənclər siyasəti sahəsində regional əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və gənclərin dayanıqlı inkişaf proseslərində rolunun artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Forumda Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, İİB-nin Şimali Afrika və Mərkəzi Asiya üzrə regional meneceri İdrissa Dia və digərləri, habelə gənclər təşkilatlarının nümayəndələri çıxış ediblər.

A.Kərimov çıxışı zamanı bildirib ki, gənclər sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmaqla inklüziv iqtisadi artımın, innovasiyaların və dayanıqlı inkişafın əsas hərəkətverici qüvvəsini təşkil edir. O qeyd edib ki, müasir dövrdə ölkələrin dayanıqlı inkişafını və uzunmüddətli rəqabət qabiliyyətini müəyyən edən əsas amil infrastruktur, təbii resurslar və maliyyə imkanları deyil, insan kapitalıdır. Bu baxımdan gənclərin inkişafına yönəldilən investisiyalar sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, iqtisadi transformasiya və davamlı inkişafın təmin edilməsində strateji əhəmiyyət daşıyır.

Maliyyə nazirinin birinci müavini ölkəmizdə gənclər siyasətinin inkişafı istiqamətində son iki onillik ərzində davamlı maliyyələşmə və institusional dəstəyə əsaslanan mühitin formalaşdırıldığını vurğulayıb. O bildirib ki, son 5 ildə Azərbaycanda gənclərin təhsilinə təxminən 2 milyard ABŞ dolları pul ayrılıb, Elm və Təhsil Nazirliyi yanında Tələbə Təhsil Krediti Fondu vasitəsilə artıq 70 mindən çox tələbənin ali təhsil almasına dəstək göstərilib.

Eyni zamanda, regional inteqrasiya məsələsinə toxunan A.Kərimov Azərbaycanın Avropa, Mərkəzi Asiya və Yaxın Şərqi birləşdirən Orta Dəhliz üzərində yerləşən mühüm əlaqələndirici mərkəz olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, gənclərin potensialını məhdudlaşdıran maneələr yalnız regional əməkdaşlıq çərçivəsində həll oluna bilər və bu istiqamətdə ortaq rəqəmsal infrastrukturun yaradılması, transsərhəd ticarət, elektron kommersiya və maliyyə texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra keçirilən panel müzakirələrdə regional inteqrasiyanın gənclər üçün yeni iqtisadi imkanlar yaratması, innovasiya və startap sistemlərinin genişləndirilməsi, rəqəmsal bacarıqların inkişafı mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar gənclərin potensialının reallaşdırılması üçün əlverişli mühitin yaradılması, insan kapitalına investisiyaların artırılması və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsini qeyd ediblər.

Süleyman
Xəbəri paylaş