
"ABŞ və İran arasında imzalanmış elektron razılaşma müharibənin başa çatması demək olsa da, bunun ümumilikdə region üçün dayanıqlı və uzunmüddətli sülh və təhlükəsizliyə gətirib çıxaracağını söyləmək çətindir".
Bunu Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. Onun sözlərinə görə, region geostrateji əhəmiyyət kəsb etdiyindən qlobal və regional güclərin maraqlarının uzlaşdırılması elə də asan deyil:
"Xüsusən də müharibədə ABŞ-ın koalisyon ortağı kimi çıxış edən İsrailin strateji hədəflərinin təmini prizmasından yanaşıldıqda hələ də risklərin qaldığını deyə bilərik. Təl -Əvivlə Vaşinqton İrana hava hücumlarında birgə iştirak etsələr də atəşkəs və ilkin razılaşmalarda İsrail ofsaytda saxlanıldı. Vaşinqton öz maraqları kontekstindən addım atdı. Bir sıra analitiklər ABŞ-İran razılaşmasını İsrailin uğursuzluğu kimi xarakterizə edirlər. Hətta Netanyahunun oppenentləri bunu biabırçı məğlubiyyət adlandırır. Qarşıda İsrail knessetinə seçkilər gəlir. Üstəlik də indiki baş nazir haqqında cinayət işi qalır. Demək Təl Əviv razılaşmanın pozulmasına səy göstərəcək.Zatən İran-ABŞ razılaşmasının bəndlərindən birinin Livana hücumun dayandırılması olsa da İsrail bu razılaşmanı tanımır. İranda da mühafizəkar qanad əldə olunan sazişi Ali Dini Lider Ə Xamneyinin ruhuna xəyanət və hörmətsizlik hesab edir. Bütün bunlar isə o qənaətə gəlməyə əsas verir ki, gərginlik və qarşıdurma hələ tam soruşmayıb".
Əli Orucov deyib ki, tərəflərin bir- birlərinə etimad problemləri qalmaqdadır:
"Ona görə Yaxın Şərqdə, həmçinin İranla ABŞ arasında atəşin birdəfəlik susdurulmasına göstərilən səylər davam etdirilməlidir".
Süleyman












































