Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan və bütün ermənilər zamanla yeni reallığa uyğunlaşacaqlar

Paşinyan və bütün ermənilər zamanla yeni reallığa uyğunlaşacaqlar


"Ermənistanda müxalifət nümayəndələri və Qarabağı tərk edən ermənilər baş nazir Nikol Paşinyana hiddət və qəzəblərini bildirmək üçün, adətən, "Türk" ifadəsindən istifadə edirlər. Nikol Paşinyan isə parlamentin köhnə tərkibinin sonuncu iclasında opponentlərinin bu hərəkətinə cavab olaraq belə deyib: "Mənə 'Türk' deyə qışqırırlar. Mənə türk olduğum deyiləndə bunu təhqir kimi qəbul etmirəm. Biz min illərdir türklərlə eyni coğrafiyada birlikdə yaşayırıq. Mədəniyyətlərimiz bir çox oxşarlıqları paylaşır. Buna görə də, məni türk adlandıranda əsəbiləşmirəm. Bunu deyənlər özlərinə, keçmişlərinə baxmalıdırlar".

Bununla yanaşı, Paşinyan onu da qeyd edib ki, parlamentdəki hazırkı müxalifət tamamilə qanunsuz fəaliyyət nəticəsində formalaşıb və Ermənistan hakimiyyətinin həmin dairələri gələcəkdə siyasi fəaliyyətlə məşğul olmaq imkanından məhrum etmək üçün qanuni hüququ var. Erməni baş nazirin bu bəyanatları radikal-millətçi düşərgədə böyük ajiotaja səbəb olub. Paşinyanın sözügedən bəyanatları, ilk növbədə Ermənistan daxilindəki siyasi qütbləşmənin dərinliyini və hakimiyyətin radikal-millətçi müxalifətə qarşı yeni mübarizə taktikasını açıq şəkildə nümayiş etdirir".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, "Türk" ifadəsi ilə bağlı Paşinyanın cavabı millətçi siyasi dairələrin manipulyasiya və populizm cəhdlərinə son qoymağa xidmət edir:

"Ermənistan müxalifətinin və Qarabağdan olan ermənilərin "türk" ifadəsini təhqir kimi işlətməsi, ölkədə uzun illərdir formalaşdırılmış anti-türk ideologiyasının bir təzahürüdür. Paşinyanın bu ifadəni təhqir kimi qəbul etmədiyini bildirməsi, əslində müxalifətin əlindəki ən güclü emosional silahı zərərsizləşdirməyə hesablanmış diplomatik və siyasi gedişdir. Onun bu mövqeyi Ermənistan cəmiyyətinin tarixi narrativlərinə ciddi təsir göstərəcək. Bu, yeni yanaşmadır. Paşinyanın bu yeni yanaşması Ermənistanın köklü tarixi narrativlərinə və sülh prosesinə birbaşa təsir edə biləcək çoxşaxəli bir transformasiya prosesidir.

Belə ki, seçkilərdən sonrakı dönəmdə Ermənistan cəmiyyətində ənənəvi "düşmən" obrazının transformasiyası baş verə bilər. Paşinyanın "Türk" ifadəsini təhqir kimi qəbul etməməsi, Ermənistanın dövlətçilik və kimlik inşasında illərlə istifadə olunan "tarixi düşmən" obrazını zəiflədir. Bu, gələcək nəsillərin keçmişlə bağlı daha praqmatik və az travmatik narrativlər formalaşdırmasına şərait yarada bilər. Eyni zamanda, radikal millətçiliyin tam məhdudlaşdırılması da baş verə bilər. Bu mövqe, Ermənistan cəmiyyətindəki revanşist və millətçi dairələrin "anti-türk" ritorikası üzərində qurduqları siyasi təsir mexanizmlərini sarsıdacaq. Son nəticədə isə ideoloji transformasiya mümkündür. Məhz bu məqsədlə də Paşinyan cəmiyyəti keçmişin qurbanlıq psixologiyasından çıxararaq, "regional qonşuluq" konsepsiyasına əsaslanan yeni bir dövlət ideologiyasına doğru yönəltməyə çalışır".

Komitə sədri deyib ki, Paşinyan bu mövqe ilə həmçinin bir tərəfdən Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması kursunu davam etdirdiyini, həm də daxili auditoriyada radikal millətçiliyə qarşı "daha rasional və modern" bir obraz yaratmağa çalışdığını göstərir:

"Biz bunu praqmatik yanaşma kimi də qiymətləndirə bilərik. Paşinyanın bu ritorikası Azərbaycan və Türkiyə ilə aparılan danışıqlarda konstruktiv bir mühitin formalaşmasına töhfə verə bilər. Bu, tərəflər arasında qarşılıqlı diplomatik etimadın yaradılması üçün lazım olan psixoloji baryerləri qismən də olsa aradan qaldırır. Eləcə də, cəmiyyətin "türk qorxusu"ndan və ya xofundan təmizlənməsi, Paşinyana sülh sazişlərini imzalamaq və onları daxili auditoriyaya qəbul etdirmək üçün daha geniş siyasi meydan və legitimlik qazandırır.

Beləliklə, ümumi mənzərədən belə görünür ki, Paşinyan bu açıqlamaları ilə eyni vaxtda iki istiqamətdə mübarizə aparır. Bir tərəfdən, keçmiş "Qarabağ klanı" və radikal müxalifət dairələrinin yaratdığı revanşist ideologiyanı "türk qorxusu"ndan təmizləyərək cəmiyyəti transformasiya etməyə çalışır və yekun sülh sazişinə yol açır. Digər tərəfdən isə, öz hakimiyyətinə qarşı olan bu qüvvələri hüquqi və siyasi yollarla neytrallaşdırmaqla, Ermənistanın siyasi sahəsində rəqibsiz bir hakimiyyət mühiti formalaşdırmağı hədəfləyir. Rusiyayönümlü, revanşist müxalifətə qarşı sərtləşən ritorika da məhz bundan xəbər verir. Paşinyanın parlament müxalifətini "qanunsuz" adlandırması və onların fəaliyyət imkanlarını məhdudlaşdırmaq niyyətini bəyan etməsi Robert Köçəryan və Samvel Karapetyanın başçılıq etdiyi destruktiv müxalifəti zərərsizləşdirməyə, neytrallaşdırmağa hesablanıb. Bu isə sülh prosesi üçün olduqca vacibdir".

Əlisahib Hüseynov onu da vurğulayıb ki, Paşinyan seçkilərdən öncəki açıqlamalarında "üçbaşlı müharibə partiyası”nın (sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın başçılıq etdiyi revanşist siyasi qüvvələrin) darmadağın edilməsinin vacibliyini dəfələrlə vurğulayıb:

"Həmin açıqlamaların birindən sitat: "Xalq açıq şəkildə üçbaşlı mafiyanın diz çökdürülməsini və məhv edilməsini tələb edir və bu, qaçılmaz olaraq baş verməlidir. Yeri gəlmişkən, kaluqalının əsas kuklası olan Serj Sərkisyanı unutmamışıq və unutmayacağıq. Ona görə də panikaya düşüb çantalarınızı yığmağa tələsməyin. Hətta seçki kampaniyası zamanı da demişdim ki, Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq”.

Budur, seçkilər artıq arxada qalıb. Və indi Ermənistanda siyasi sistemin sülhün əleyhdarı olan elementlərdən təmizlənməsi üçün əlverişli zəmin yaranıb. Əsas odur ki, Paşinyan cümləpərdazlıqla məşğul olmasın və bu bəyanatları da populizm xatirinə səsləndirməsin. Paşinyan özünəvurğunluq eyforiyasından çıxıb sülh naminə real addımlar atmalıdır. İlk növbədə isə "üçbaşlı müharibə partiyası”nın sıradan çıxarılması ilə yanaşı, Ermənistan konstitusiyasının dəyişdirilməsi vacibdir. Paşinyan bu hədəflərə nail olarsa, sülhə sadiqliyini təsdiqləyə biləcək.

Onun "Biz min illərdir türklərlə eyni coğrafiyada birlikdə yaşayırıq" deməsi isə, əslində, ənənəvi erməni hiyləgərliyinin təzahürüdür. Əsl həqiqətdə isə, ermənilər min illərdir bizimlə eyni coğrafiyada yaşamayıblar və bizlə qonşu olmayıblar. Onlar bu yerlərə müxtəlif tarixi mərhələlərdə ordan-burdan gəliblər (və ya gətiriliblər). Yalnız müstəqil xalqlar bir-birinə qonşu ola bilərlər. Ermənilər isə tarixin bir çox mərhələlərində müstəqil yox, məhz bizim yaratdığımız dövlətlərin təbəələri olublar. Yəni ki, onlar Azərbaycan xalqının idarəçiliyi altında yaşayıblar. Bu isə qonşuluq deyil, fərqli anlayışdır. Ancaq Paşinyan isə yuxarıdakı açıqlaması ilə əksər ermənilər kimi özlərinə olmayan "tarix" yaratmağa cəhd göstərib. Başqa sözlə desək, Paşinyan "türk" kəlməsinə dair fikirləri ilə bir tərəfdən erməni millətçilərinin antitürk mif və uydurmalarına son qoymağa çalışır, digər tərəfdən "Biz min illərdir türklərlə eyni coğrafiyada birlikdə yaşayırıq" deməklə isə yeni mif yaradır. Deməli, köhnə və yeni erməni miflərinin tam olaraq aradan çıxması üçün zamana ehtiyac var. Paşinyan və bütün ermənilər zamanla yeni reallığa uyğunlaşacaqlar. Dəmir yumruğumuz öz yerindədir. Biz ermənilərə miflərsiz yaşamağı öyrədəcəyik. Çətin prosesdir, amma mümkündür. Biz bunu bacaracağıq".

Süleyman
Xəbəri paylaş