
Qazaxıstan Xəzər dənizində İran şirkətləri üçün logistika xidmətlərinin inkişafı məqsədilə İran tərəfinə Aktau və Kurık limanlarında platformalar, körpülər və terminallar təmin etməyi nəzərdən keçirir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu məsələ
Astanada Milli İqtisadiyyat naziri Serik Jumangarin və İranın Yol və Şəhərsalma Naziri Fərzanə Sadekin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü zamanı müzakirə edilib.
Tərəflər İran Prezidentinin 2025-ci ilin dekabr ayında Qazaxıstana rəsmi səfəri zamanı dövlət başçılarının əldə etdiyi razılaşmaların həyata keçirilməsi, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, liman infrastrukturunun genişləndirilməsi, qarşılıqlı ticarət həcminin artırılması və iki ölkə arasında nəqliyyat və logistika əlaqələrinin yaxşılaşdırılması məsələlərini müzakirə ediblər.
Görüş zamanı tərəflər həmçinin, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetiriblər. Bildirilib ki, 2025-ci ildə Şimal-Cənub dəhlizi boyunca daşımaların həcmi 12% artaraq 3,5 milyon tona çatdı. İki ölkə arasında dəmir yolu daşımaları 69% artıb.
Tərəflər həmçinin Çin, Qazaxıstan, Türkmənistan, İran və Türkiyə arasında imzalanmış beştərəfli dəmir yolu müqaviləsinin, eləcə də Qazaxıstan, Rusiya, Türkmənistan və İran arasında gələcəkdə ticarət və tranzitin artması üçün əlavə şərait yaradacaq dördtərəfli tarif müqaviləsinin imzalanmasının əhəmiyyətini qeyd ediblər.
Süleyman











































