
"ABŞ və İran arasında əldə olunduğu bildirilən ilkin razılaşma Yaxın Şərqdə uzun müddətdir davam edən gərginliyin azaldılması baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Lakin bu razılaşmanın uzunömürlü olub-olmayacağı və ABŞ-İran qarşıdurmasının köklü şəkildə aradan qalxmasına gətirib çıxarıb-çıxarmayacağı bir sıra mürəkkəb amillərdən asılıdır".
Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, ABŞ və İran münasibətlərində problem yalnız bir məsələ ilə məhdudlaşmır:
"Tərəflər arasında fikir ayrılıqları onilliklər ərzində formalaşıb və nüvə proqramı, regional təsir mübarizəsi, sanksiyalar, təhlükəsizlik məsələləri və qarşılıqlı etimadsızlıq kimi çoxşaxəli mövzuları əhatə edir. Buna görə də hər hansı ilkin razılaşma gərginliyin idarə olunması baxımından mühüm addım sayıla bilər, amma strateji qarşıdurmanın tam bitməsi demək deyil.
Tarix göstərir ki, ABŞ-İran dialoqunda əldə edilən razılaşmaların ən böyük problemi onların davamlılığı olub. Məsələn, əvvəlki nüvə sazişi dövründə də tərəflər arasında müəyyən anlaşma əldə edilmişdi, lakin sonradan siyasi dəyişikliklər və qarşılıqlı ittihamlar həmin prosesin pozulmasına gətirib çıxardı. Bu səbəbdən yeni razılaşmanın taleyini müəyyən edən əsas məsələ onun hüquqi və siyasi mexanizmlərinin nə qədər möhkəm qurulacağıdır".
Politoloq hesab edir ki, İran üçün belə bir razılaşmanın əsas üstünlüyü iqtisadi təzyiqin azalması və beynəlxalq təcridin yumşalması ola bilər:
"Tehran uzun müddətdir sanksiyaların yaratdığı iqtisadi problemlərlə üzləşir və hər hansı diplomatik açılım ölkəyə iqtisadi nəfəs alma imkanı verə bilər. ABŞ baxımından isə əsas məqsəd İranın regional fəaliyyətlərini məhdudlaşdırmaq, nüvə məsələsində nəzarət mexanizmləri yaratmaq və Yaxın Şərqdə daha geniş hərbi eskalasiyanın qarşısını almaqdır.
Ancaq burada əsas sual tərəflərin bu razılaşmaya necə yanaşacağıdır. Əgər ABŞ bunu yalnız taktiki addım kimi görərsə və gələcəkdə təzyiq siyasətinə qayıdarsa, İran da öz növbəsində öhdəliklərdən geri çəkilə bilər. Eyni zamanda İranda daxili siyasi qüvvələr və ABŞ-da hakimiyyət dəyişiklikləri razılaşmanın davamlılığına təsir edə biləcək amillərdir. Ən mühüm amil isə İsrail faktorudur. Məlumdur ki, ilkin razılşamanın ana xəttini bütün istiqamətlərdə hərbi əməliyyatların dayandırılması təşkil edir. Başqa sözlə desək bu anlaşma faktiki olaraq həm də İsrail üzərinə Livan, Suriya, İraq və digər istiqamətlərdə hərbi əməliyyatları dayandırmaq öhdəliyi qoyur. İsrail buna əməl edəcəkmi və ya İsrailin əməliyyatlara davam edəcəyi halda İranın cavablarına ABŞ-nin mövqeyi nə olacaq bu böyük ölçüdə sual olaraq qalır".
Yusif Bağırzadənin qənaətincə, ABŞ-İran ilkin razılaşması mühüm diplomatik imkan yaratsa da bunu uzunmüddətli sülh və qarşıdurmanın tam sona çatması kimi qiymətləndirmək hələ tezdir:
"Əgər qarşılıqlı etimad formalaşarsa və tərəflər yalnız taktiki deyil, strateji kompromisə hazır olarsa, bu proses daha davamlı nəticələr verə bilər. Hazırkı mərhələdə isə söhbət problemin tam həllindən deyil, uzun və mürəkkəb bir prosesin başlanğıcından gedir".
Süleyman












































