
"Artıq 10 gündür ki, Mərkəzi-Aran Regional Təhsil İdarəsi və Mingəçevir Şəhər Təhsil Sektorunun məktəbəhazırlıq qruplarının bağlanması və adının dəyişdirilməsi adı altında həyata keçirdiyi fəaliyyətlərlə bağlı qanuni əsas tələb edirəm. Bu günə qədər isə mənə heç bir qərar, sərəncam və ya normativ hüquqi sənəd təqdim edilməyib".
Newscenter.az xəbər verir ki, bunları Mingəçevir təhsil ictimaiyyətinin nümayəndəsi Sevinc Məmmədova deyib. O qeyd edib ki, Mərkəzi-Aran Regional Təhsil İdarəsi də yol verilən qanunsuzluqlara əsas gətirə bilməyib. Sevinc Məmmədova qeyd edib ki, yaranmış qeyri-müəyyən vəziyyətlə bağlı idarəyə görüşə dəvət olunsa da, lakin orada aldığı cavab qaneedici olmayıb:
"Mənə deyilən cavab isə bu oldu: "Etmə, müəllimə, rotasiya olub." Mən isə sadə bir sual verdim: Əgər məktəbəhazırlıq qruplarının bağlanması ilə bağlı qərar yoxdursa, qrupun adının dəyişdirilməsi hansı hüquqi sənədə əsasən həyata keçirilir? Həmin sənədi təqdim edin, tanış olum. Lakin yenə də sənəd göstərilmədi.
Bunun əvəzinə mənə bildirildi ki, Mingəçevirdə bütün müəllimlər bu qayda ilə işləyir, Regional Təhsil İdarəsi icazə verir, siz də sakit işləyin. Mən isə bir daha vurğuladım ki, məni başqalarının nə etdiyi maraqlandırmır. Mən öz imzama, öz fəaliyyətimə və öz məsuliyyətimə cavabdehəm. Mən qanundan kənar işləmərəm".
Sevinc Məmmədova onu da qeyd edib ki, idarədə söhbət zamanı onun çalışdığı kollektivin əməkhaqqısı ilə bağlı məsələ ortaya atılıb:
"Mənə deyildi ki, əgər bu məsələdə israr etsəniz, aşpazlar və digər işçilər əməkhaqqı ala bilməyəcəklər. Bu, açıq şəkildə kollektivin mənə qarşı yönləndirilməsi, günahkarlıq hissinin aşılanması və psixoloji təzyiq göstərilməsi cəhdidir. Mən tərbiyəçi-müəlliməm. Pedaqoji işçinin qanuni fəaliyyət göstərmək tələbi ilə aşpazın, texniki işçinin və ya digər əməkdaşların əməkhaqqısının nə əlaqəsi var? Məqsəd bəllidir: kollektivi mənim üzərimə qaldırmaq, qanuni tələbimi şəxsi problem kimi təqdim etmək və məni susdurmaq. Bir daha bəyan edirəm ki, yalnız qanunu tələb edirəm. Əgər qərar varsa, təqdim edin. Əgər qanuni əsas varsa, göstərin. Əgər yoxdursa, vətəndaşın, müəllimin və ananın üzərinə təzyiq göstərməkdən əl çəkin".
"Mən başsız qadınam, əsgər anasıyam, kirayədə yaşayan müəlliməm. Amma heç kimin qarşısında hüquqlarımı müdafiə etməkdən geri çəkilən insan deyiləm. Şəxsiyyətimlə, hisslərimlə, qürurumla oynamağa çalışmayın. Təxribatlardan, qərəzli münasibətdən, təhdid xarakterli davranışlardan əl çəkin. Əgər mənim sağlamlığıma, psixoloji vəziyyətimə və ya həyatıma hər hansı zərər dəyərsə, bunun mənə qarşı uzun müddətdir davam edən təzyiqlərlə əlaqəsinin araşdırılmasını tələb edirəm. Mən susmayacağam. Mən qanun tələb edirəm. Qanun isə hər kəs üçün eyni olmalıdır",-deyə Sevinc Məmmədova vurğulayıb.
P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Süleyman












































