
Son günlər dini məsələlərin aktuallaşmasından fürsət kimi istifadə edən ateistlər və keçmiş fətullah gülənçilər birləşərək Səfəvi (Qızılbaşlar) tariximizi və Şah İsmayıl Xətaini yenidən hədəf alıblar.
Onlar gec də olsa Səfəvilərə sahib çıxıb özününküləşdirməyə, iranlılaşdırmağa çalışan fars-molla rejiminin dəyirmanına sanki bilərəkdən su tökür, Şah İsmayıla və onun qurduğu əzəmətli dövlətə qərəzli şəkildə məzhəbçi damğası vururlar. Əslində, özləri də qatı məzhəbçi olan bu qüvvələr Səfəviləri İranın molla rejiminə "peşkəş" etməklə Azərbaycanın dövlətçilik tarixini baltalayır və bizi tarixən dövlətsiz xalq, köksüz toplum kimi göstərirlər. Bu, çox məkrli məqsəddir və bugünümüzə, gələcəyimizə yönəlmiş hibrid savaşdır.
Səfəvilər dövləti Azərbaycan tarixində mühüm yer tutur. Şah İsmayıl Xətainin fəaliyyəti və Səfəvi dövlətinin formalaşması bölgənin siyasi, mədəni və dövlətçilik tarixində xüsusi mərhələ yaradıb. Səfəvi irsi tariximizin mühüm və danılmaz səhifələrindən biridir. Bu dövlətin yaranması təkcə siyasi coğrafiya baxımından deyil, həm də xalqımızın yeni dövlətçilik ənənələrinin formalaşması baxımından da xüsusi əhəmiyyət daşıyır. Şah İsmayıl Xətai Qızılbaş-Səfəvi dövlətini farslar üçün qurmamışdı. Quruculuğunda Azərbaycan türk elitalarının iştirak etdiyi və Təbrizi paytaxt seçən Qızılbaş dövləti fars dövləti ola bilməzdi. Kim bunun əksini iddia edirsə, o, dolayısı yolla hazırkı molla rejiminin maraqlarına xidmət edir.
Bu gün Səfəvi irsi və Şah İsmayıl Xətai ətrafında müzakirələrin biriləri tərəfindən yenidən gündəmə gəlməsi (və ya gətirilməsi) heç də təsadüfi deyil. Təəssüf ki, bəzi hallarda tarixi mövzular elmi müstəvidən çıxarılaraq ideoloji və emosional mübahisələrin predmetinə çevrilir. Halbuki belə məsələlərə yanaşmada əsas məqsəd qarşıdurma yaratmaq yox, tarixi faktları obyektiv qiymətləndirmək olmalıdır. Səfəvi dövlətinin Azərbaycan tarixindəki rolunu inkar etmək də, onu yalnız dar çərçivədə təqdim etmək də doğru yanaşma deyil. Bu irsə sahib çıxmaq, onu düzgün anlamaq və gələcək nəsillərə sağlam şəkildə çatdırmaq vacibdir. Bu irsin müxtəlif ideoloji yanaşmalarla şərh olunması qəbulolunmazdır. Hesab edirik ki, Səfəvi irsinə münasibətdə emosional və ya məzhəbçi yanaşmalardan uzaq durmaq, onu tarixi kontekstində qiymətləndirmək daha doğru olar.
Molla rejiminin bu gün Səfəvi irsinə və Şah İsmayıl Xətaiyə sahiblənmək cəhdi riyakarlıqdır. Çünki bu rejim Səfəvi irsinə uzun müddət soyuq münasibət bəsləyib. Lakin Şah İsmayıl Xətainin adının və mənəvi-tarixi irsinin Bütöv Azərbaycan ideyasına və Azərbaycançılığa önəmli töhfələr verə biləcəyini dərk edən mollalar son illərdə bu irsə tələm-tələsik sahib çıxmağa və onu "İranın tarixi, mədəni irsi" kimi təqdim etməyə başlayıblar. Seyid Amuli kimi, Rəhim Səfəvi kimi rejim nökərlərinin çığır-bağırtıları, təxribatçı açıqlamaları da məhz bu məqsədə xidmət edir.
Şah İsmayıl Xətainin fars əsilli hökmdar olmadığını molla rejiminin başbilənləri əsl həqiqətdə bizdən də yaxşı bilirlər. Şah İsmayılı canıyla-qanıyla sevən və onu qoruyan tayfaların, boyların da fars mənşəli olmadığı hər kəsə məlumdur. Azərbaycanlıların qan yaddaşında siyasi iradə, dövlət quruculuğu və mədəni kimliklə assosiasiya olunan, tarixi simvollarımızdan birinə çevrilən Şah İsmayılın adını və irsini belə asanlıqla İranın molla rejiminə yedirtməməliyik.
Onu da nəzərə almalıyıq ki, son illər regionda və daha geniş müstəvidə ideoloji rəqabətin kəskinləşməsi tarixi mirasların müxtəlif mərkəzlər tərəfindən özünəməxsus şəkildə şərh olunmasını da sürətləndirib. Bu baxımdan Səfəvi dövrü ətrafında aparılan müzakirələr təkcə akademik məsələ deyil, həm də siyasi-ideoloji məna daşıyır. Məhz buna görə də tarixə münasibətdə emosional ritorika yox, sənədlərə, faktlara və kontekstə əsaslanan yanaşma vacibdir. Səfəvi dövlətinin Azərbaycan tarixindəki yeri nə qədər geniş və mürəkkəbdirsə, onun düzgün təqdimatı da bir o qədər məsuliyyət tələb edir. Bu irsi nə inkar etmək, nə də onu yalnız bir ideoloji qəlibə salmaq doğru deyil. Əsl yanaşma tarixi bütün qatları ilə oxumaq, dövlətçilik təcrübəsini dəyərləndirmək və keçmişi bugünkü mübahisələrin alətinə çevirməməkdir.
Bu gün qalib Azərbaycanı vurmağın, onu zəiflətməyin ən asan yollarından biri onun tarixi şəxsiyyətlərini qaralamaq, dövlətçilik ənənələrini gözdən salıb dəyərsizləşdirməkdir. Şah İsmayıl Xətai Azərbaycan tarixində böyük dövlət qurucusu, güclü siyasi iradə sahibi və milli yaddaşın mühüm simvollarından biri kimi yer tutur. Səfəvilər dövrü Azərbaycan siyasi tarixində vahid mərkəzləşmiş dövlətçilik təcrübəsinin gücləndiyi, xalqın tarixi kimliyinin formalaşmasında mühüm mərhələnin baş verdiyi dönəmlərdən biri hesab olunur. Bu baxımdan Səfəvi irsi Azərbaycanın dövlətçilik salnaməsində xüsusi yerə malikdir. Müasir Azərbaycanda bu tarixi xəttə dövlət səviyyəsində münasibət təsadüfi deyil. Prezident İlham Əliyev Şah İsmayıl Xətai irsinin dövlətçilik tariximizdəki yerini düzgün dəyərləndirir. Çünki İlham Əliyev güclü dövlətçilik anlayışına malik şəxsiyyətdir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































