Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhvə verəcək

Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhvə verəcək


Bir il öncə imzalanan Vaşinqton anlaşmasının əsas məqamlarından biri də Zəngəzur dəhlizi və bu xəttin bir elementi olacaq "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) reallaşması ilə bağlı əldə edilən razılaşma və ötən müddətdə görülən işlərdir. Azərbaycanın əsas hisəsi ilə Naxçıvan arasındakı maneəsiz keçidi təmin edəcək bu dəhliz bütövlükdə regionun inkişafına xüsusi töhvə verəcək.

15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafında xüsusi paya malik olacaq. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geo-siyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək. 10 illik proqnozlara əsasən, Zəngəzur dəhlizi 50 milyard dollar gəlir formalaşdırmaq və 60 mindən çox yeni iş yerinin yaradılmasına töhfə vermək potensialına malikdir.

Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Nəticədə Orta Dəhlizin də genişlənməsinə imkan yaradacaq ki, bu da Azərbaycanın Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticəsində beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsi deməkdir. Eyni zamanda, alternativ yollarla öz məhsullarını yeni bazarlara ixrac etmək imkanı qazandıracaq.

Zəngəzur dəhlizi həmçinin türk dünyasını birləşdirəcək quru nəqliyyat dəhlizidir. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolu ilə kommunikasiyanın bərpasına, Naxçıvanın blokadadan çıxmasına, həm də Azərbaycan daxil olmaqla bütövlükdə türk dünyasının iqtisadi inkişafına töhfə deməkdir.

Vüqar Bayramov,

Milli Məclisin deputatı
Xəbəri paylaş