
“Naxçıvanın əlverişli coğrafi mövqeyi onu nəqliyyat və logistika baxımından da mühüm üstünlüklərə malik region kimi səciyyələndirir. Muxtar respublikanın Türkiyə və İranla sərhəddə yerləşməsi, Azərbaycanın əsas ərazisi ilə nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi perspektivi və Türk dünyasının mühüm coğrafi məkanları ilə əlaqələndirilmə imkanları yaxın gələcəkdə Naxçıvanın regional nəqliyyat qovşağına çevriləcəyinə heç bir şübhə yaratmır”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O qeyd edib ki, tarixən də Naxçıvan müxtəlif sivilizasiyalar və coğrafi məkanlar arasında əlaqələrin kəsişdiyi ərazilərdən biri olub və müasir dövrdə bu tarixi üstünlük yeni nəqliyyat infrastrukturu və logistika imkanları ilə tamamlanır:
“Nəqliyyat dəhlizlərinin inkişaf etdiyi bir şəraitdə Naxçıvanı sadəcə sərhəd bölgəsi kimi deyil, Azərbaycanı Türkiyə, İran və daha geniş mənada Mərkəzi Asiya ilə əlaqələndirən mühüm logistika məkanı kimi qiymətləndirmək mümkündür. Bu baxımdan Naxçıvanın nəqliyyat qovşağına çevrilməsi üçün bir neçə istiqamət xüsusi əhəmiyyət daşıyır. Birinci istiqamət dəmir yolu əlaqələrinin inkişaf etdirilməsidir. Dəmir yolu yükdaşımaların böyük həcmdə və daha səmərəli həyata keçirilməsinə imkan verir. Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə dəmir yolu vasitəsilə əlaqələndirilməsi, eyni zamanda Türkiyə istiqamətində dəmir yolu bağlantısının inkişafı regionun tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldə bilər.
İkinci istiqamət avtomobil yollarının və sərhəd-keçid infrastrukturunun modernləşdirilməsidir. Müasir və sürətli avtomobil yolları həm sərnişin, həm də yük daşımalarının asanlaşdırılmasına xidmət edir. Sərhəd-keçid məntəqələrində prosedurların sadələşdirilməsi və rəqəmsallaşdırılması isə daşınmaların vaxtını və xərclərini azalda bilər.
Üçüncü istiqamət logistika mərkəzlərinin yaradılması və inkişaf etdirilməsidir. Naxçıvanda müasir logistika mərkəzlərinin formalaşdırılması burada yalnız tranzit yüklərin keçirilməsinə deyil, onların saxlanılması, çeşidlənməsi, qablaşdırılması və emalına da imkan yarada bilər. Bu isə nəqliyyat sektorunun digər iqtisadi sahələrlə əlaqəsini gücləndirər”.
Süleyman












































