Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Süni intellekt böhtan, şantaj və nüfuzdan salma aləti deyil

Süni intellekt böhtan, şantaj və nüfuzdan salma aləti deyil


"Süni intellekt böhtan, şantaj və nüfuzdan salma aləti deyil — qanun həm belə materiali hazirlayanın, həm də yayanın hərəkətlərinə hüquqi qiymət verilməsini nəzərdə tutur.
Son günlər mənim real görüntümdən istifadə edilərək süni intellekt vasitəsilə həqiqəti əks etdirməyən görüntülər hazirlanıb. Həmin görüntülərdə mən Quantanamo həbsxanası ilə assosiasiya olunan narıncı məhbus geyimində, dəmir barmaqlıqlar arxasında və əli qandallı vəziyyətdə təqdim edilirəm.

Bu, sadəcə “montaj”, “zarafat”, “satira” və ya sosial şəbəkə mübahisəsi kimi qəbul edilməməlidir. Konkret əmələ hüquqi qiyməti istintaq orqanı və məhkəmə verir. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi süni intellekt vasitəsilə şəxsin real görüntüsündən istifadə edilərək reallığı əks etdirməyən materialların hazirlanması və yayılmasi ilə bağlı məsuliyyət nəzərdə tutur".

Newscenter.az xəbər verir ki, bunları Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstov son günlər barəsində sosial şəbəkələrdə yayılan təxribat xarakterli materiallara aydınlıq gətirərkən deyib. O bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-2-ci maddəsi belə əməllərə dair xüsusi cinayət-hüquqi norma müəyyən edir:

"Burada materialın hazirlanması ilə yanaşı onun yayilmasi da hüquqi əhəmiyyət daşıyır. Bu səbəbdən “Mən bu şəkli yaratmamışam, başqa profildən götürüb öz facebook səhifəmdə paylaşmışam” ifadəsi öz-özlüyündə hüquqi məsuliyyət məsələsini aradan qaldırmır. Hər bir paylaşımın konteksti, məqsədi, auditoriyası və yayılma formasi ayrıca araşdırılmalıdır.

Əgər şəxsin görüntüsü süni intellekt vasitəsilə dəyişdirilərək onu terrorizm, ağır cinayət, həbs və ya ömürlük məhbusluqla assosiasiya edən saixta vizual reallıq yaradılırsa, bu halın şəxsin şərəf və ləyaqətini ləkələmək və onu nüfuzdan salmaq məqsədi daşıyıb-daşimadiği da araşdırılmalıdır".

David Seliverstov daha sonra bunları qeyd edib:

"Əgər bu materiallarla birlikdə şəxsin cinayət törətməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılırsa, konkret hallardan asılı olaraq Cinayət Məcəlləsinin 147-ci maddəsi — böhtan, o cümlədən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan məsələsi də hüquqi qiymətləndirmə predmeti ola bilər.

Şəxsin real üz təsviri və səs fraqmenti də qanunvericiliklə qorunan məlumatlar sırasındadır. Üz təsviri, səs fraqmenti və onun akustik parametrləri biometrik məlumat kimi hüquqi müdafiə predmetidir.

Xüsusi olaraq vurğulayıram: Özünü hüquq müdafiəçisi kimi təqdim edən şəxsin belə materiali şəxsi facebook hesabında paylaşması ona qanundan kənar heç bir immunitet vermir".

David Seliverstov deyib ki, hüquq müdafiəçisi olmaq başqasının şərəf və ləyaqətinə, şəxsi həyatına, fərdi və biometrik məlumatlarına müdaxilə etmək hüququ demək deyil:

"Əksinə, hüququn aliliyini müdafiə etdiyini bəyan edən şəxsdən qanunun tələblərinə daha yüksək məsuliyyətlə yanaşmaq gözlənilir. Mən heç kəsi məhkəmə qərari olmadan cinayətkar elan etmirəm. Təqsiri yalniz məhkəmə müəyyən edir. Lakin materialı kimin hazırladığı, kimin sifariş etdiyi, ilkin olaraq harada yayıldığı, kimlərin onu təkrar paylaşdığı və bu hərəkətlərin nüfuzdan salma məqsədi daşıyıb-daşımadığı hüquq-mühafizə orqanları tərəfindən araşdırıla biləcək konkret hallardır".

Hüquq müdafiəçisi hesab edir ki, söz azadlığı saxta reallıq yaratmaq azadlığı deyil:

"Tənqid hüququ insanı süni intellekt vasitəsilə terrorçu və ya məhbus obrazında təqdim etmək hüququ deyil. “Mən sadəcə paylaşdım” ifadəsi də yaymanın hüquqi əhəmiyyətini avtomatik olaraq aradan qaldırmır. Qanun qarşısında hamı bərabərdir".
]
Süleyman
Xəbəri paylaş