
“Son günlər tariximizin müxtəlif dövrlərini təftiş edən, bir sıra hallarda tarixi qəhrəmanlarımızı hədəf alan açıqlamaların sosial media, internet resurslarında geniş yayılması təəssüf hissi doğurur. Bu kimi hallar cəmiyyətdə fikir ayrılığı yaradır, birlik və bərabərliyimizi pozur. Kimliyindən, hansı statusu daşımasından asılı olmayaraq hər kəs bu kimi məsələlərdə ehtiyatlı davranmalıdır”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, tarix yalnız keçmişdə qalan hadisələrin toplusu deyil:
“O, bu günümüzü formalaşdıran və gələcəyimizə istiqamət verən böyük bir məktəbdir. Keçmişimizin uğurlarından güc, səhvlərindən isə dərs almalıyıq. Tarixi hadisələrə sağlam və obyektiv yanaşmaq gələcək nəsillərin daha məlumatlı və məsuliyyətli yetişməsinə kömək edir”.
Arzuman Muradlı qeyd edib ki, hər bir xalq öz tarixini qoruduğu halda güclü, qüdrətli olur:
“Biz tariximizi öyrənməli, tarixi abidələrimizi və mədəni irsimizi qorumalı, milli dəyərlərimizi yaşatmalı və bu zəngin irsi gələcək nəsillərə çatdırmalıyıq. Çünki tariximiz bizim kimliyimiz, yaddaşımız və mənəvi sərvətimizdir. Ona sahib çıxmaq isə yalnız keçmişə hörmət deyil, həm də gələcəyə olan məsuliyyətimizdir”.
Arzuman Muradlının sözlərinə görə, Azərbaycan xalqı zəngin və qədim tarixə, böyük mədəni irsə və özünəməxsus milli dəyərlərə malikdir:
“Buna görə də tariximizə sahib çıxmaq hər birimizin mənəvi borcudur”.
Süleyman












































