
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin bu gün hansı siyasi və strateji mərhələyə çatdığını aydın şəkildə ortaya qoyur. Bu münasibətlər artıq yalnız ortaq tarixə, dilə və mədəniyyətə söykənən qardaşlıq deyil, qarşılıqlı etimad, siyasi iradə və ortaq strateji maraqlarla möhkəmlənən müttəfiqlikdir. Azərbaycanla Özbəkistan arasında bu yaxınlaşmanın arxasında təsadüfi proses yox, ardıcıl və düşünülmüş dövlət siyasəti dayanır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad və siyasi dialoq iki ölkə arasındakı münasibətlərin bütün istiqamətlərinə ciddi təsir göstərir. Əslində, bu münasibətlərin gücü yalnız siyasi bəyanatlarda deyil, konkret nəticələrdə görünür. Ticarət dövriyyəsinin sürətlə artması, Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti, sənaye və avtomobil istehsalı, kənd təsərrüfatı və digər birgə layihələr siyasi yaxınlığın real iqtisadi tərəfdaşlığa çevrildiyini göstərir. Nəqliyyat, logistika və yaşıl enerji sahəsində əməkdaşlıq isə məsələyə daha geniş regional prizmadan baxmağa imkan verir. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada yerləşməklə Şərqlə Qərb arasında formalaşan yeni iqtisadi və nəqliyyat bağlantılarında bir-birini tamamlayan strateji tərəfdaşlardır.
Münasibətlərin ən dəyərli tərəflərindən biri isə bu əməkdaşlığın xalqların həyatına da sirayət etməsidir. Füzulidə Mirzə Uluqbəy adına məktəb, “Dostluq bağı”, mədəniyyət günləri, təhsil və şəhərlərarası əməkdaşlıq layihələri göstərir ki, Azərbaycan–Özbəkistan qardaşlığı yalnız dövlət sənədlərində deyil, real həyatda da öz ifadəsini tapır.Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı isə yeni regional reallığın mühüm göstəricisidir. “C5” formatının faktiki olaraq “C6”ya çevrilməsi Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin artıq ayrıca strateji istiqamətə çevrildiyini göstərir. Məncə, Azərbaycan–Özbəkistan münasibətlərinin əsas gücü ondadır ki, burada keçmiş və gələcək bir-birini tamamlayır. Ortaq tarix mənəvi təməl yaradır, siyasi etimad bu təməli möhkəmləndirir, iqtisadi və regional əməkdaşlıq isə onu real gücə çevirir. Bu səbəbdən Azərbaycan və Özbəkistan müttəfiqliyinə yalnız iki qardaş dövlət arasındakı münasibət kimi baxmaq kifayət deyil. Bu, eyni zamanda Türk dünyasında siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın yeni modelinin formalaşmasıdır.
Ramil Hüseynov, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri












































