Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

26 Avqust – Laçının azadlıq və qürur günü

26 Avqust – Laçının azadlıq və qürur günü



Azərbaycanın Qarabağ bölgəsində yerləşən Laçın öz zəngin tarixi, qədim yaşayış məskənləri, təbii gözəllikləri və milli-mədəni irsi ilə seçilən bölgələrdən biridir. Əsrlər boyu formalaşan tarixi və mədəni dəyərləri bu ərazini ölkəmizin mühüm yaşayış məkanlarından birinə çevirib. Əzəmətli dağları, meşələri, çayları və bənzərsiz təbiəti ilə seçilən Laçın uzun illər işğal altında qalmış, bu dövrdə şəhər və rayonun yaşayış məntəqələri ciddi dağıntılara məruz qalmış, tarixi-mədəni irsə böyük ziyan vurulmuşdur. Buna baxmayaraq, laçınlıların doğma yurda bağlılığı və qayıdış ümidi heç vaxt sönməmişdir.
Tarixi ədalətin bərpası Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə ilə mümkün oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Növbəti mərhələdə, 26 avqust 2022-ci ildə Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndləri də Azərbaycanın tam nəzarətinə keçdi. Laçının azadlığı uğrunda aparılan mübarizədə göstərdikləri igidliyə görə 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.
Bu gün Laçın sürətli quruculuq və inkişaf mərhələsini yaşayır. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur əraziləri yenidən abadlaşdırılaraq müasir və gözəl məkana çevrilir. Dövlət başçısının sərəncamı ilə hər il 26 avqust Laçın Şəhəri Günü kimi qeyd olunur. İşğaldan azad edildikdən sonra rayonda yolların yenilənməsi, enerji təminatının gücləndirilməsi, sənaye və turizm infrastrukturunun yaradılması istiqamətində mühüm layihələr həyata keçirilib. Laçının enerji imkanlarının əsasını ümumi gücü 65,5 MVt olan 9 su elektrik stansiyası təşkil edir. İşğal dövründə dağıdılmış enerji obyektləri yenidən qurulub, yeni stansiyalar istifadəyə verilib. Hazırda Laçın Azərbaycanın bərpaolunan enerji potensialının inkişaf etdiyi və “yaşıl enerji” konsepsiyasının həyata keçirildiyi mühüm bölgələrdən birinə çevrilməkdədir.
Xalqımız böyük inamla düşünür ki, Laçın bundan sonra yalnız tarixi Qələbənin rəmzi kimi deyil, eyni zamanda davamlı inkişafın, sosial rifahın və parlaq gələcəyin ünvanı kimi tanınacaq. Bu qədim və şanlı diyar öz sakinlərinə sülh, təhlükəsizlik və firavan həyat bəxş edəcək, gələcək nəsillər üçün qürur və ilham mənbəyi olaraq qalacaq. Laçının inkişafı Azərbaycanın ümumi tərəqqisinə və regionda uzunmüddətli sabitliyin möhkəmlənməsinə də mühüm töhfə verəcək. Bu gün Laçın sadəcə yenidən qurulan bir şəhər deyil, xalqımızın həmrəyliyinin, əzminin, qətiyyətinin və gələcəyə olan möhkəm inamının parlaq simvoludur.
Lalə Məmmədova
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş