Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçın Böyük Qayıdış siyasətinin mühüm ünvanlarından birinə çevrilib

Laçın Böyük Qayıdış siyasətinin mühüm ünvanlarından birinə çevrilib


“Laçın Şəhəri Günü həm torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin nəticələri, onun diplomatik müstəvidədə də təsdiqi, həm də Böyük Qayıdışın başlanğıcını təcəssüm etdirən əlamətdar gündür. 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsi ilə əldə etdiyimiz tarizi zəfərlə azadlığına qovuşan Laçın üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq həmin il dekabrın 1-də erməni hərbiçilərindən boşaldılaraq Azərbaycana təhvil verildi. Bir güllə atmadan, şəhid vermədən Laçının azad olunması həm hərbi, həm də diplomatik qələbənin təcəssümü idi”.

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov deyib. O bildirib ki, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçməklə Laçının həyatında yeni dövr, mərhələ başladı. Millət vəkili bildirib ki, məhz bu hadisə 26 Avqust tarixinin Laçın şəhəri günü kimi qeyd olunmasına əsas yaratdı:

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncamla 26 avqust Laçın Şəhəri Günü elan edildi. Bu gün Laçın Şəhəri Günü bu gözəl diyarda geniş miqyasda həyata keçirilən quruculuq-abadlıq işləri fonunda böyük ruh yüksəkliyi və gələcəyə inamla qeyd edilir. Azad edilmiş hər bir şəhər və rayonda, kənddə, qəsəbədə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Laçının timsalında da aydın görünür. Yeni yolların, yaşayış komplekslərinin, sosial obyektlərin, məktəblərin və digər infrastrukturun yaradılması doğma torpaqlarımıza həyatın qayıtdığını göstərir. Laçın şəhərinin bərpası yalnız tikinti layihəsi deyil, həm də insanların öz ata-baba yurdlarına qayıdışının təmin olunması baxımından böyük tarixi əhəmiyyət daşıyır”.

İlham Məmmədov qeyd edib ki, bu gün Laçın Böyük Qayıdış siyasətinin mühüm ünvanlarından birimə çevrilib:

“Böyük Qayıdış Proqramının uğurla icrası nəticəsində vaxtilə məcburi köçkün həyatı yaşayan laçınlılar öz doğma yurdlarına qayıdır. Doğma torpaqlarına qayıdan laçınlılar burada yeni həyat qurur, şəhərin inkişafına öz töhfələrini verirlər. Beləliklə, Laçının küçələri, evləri və sosial həyatı yenidən canlanır, Laçına yeni nəfər, ruh gəlir”.

Yaxın tarixə nəzərə salan millət vəkili diqqətə çatdırıb ki, Laçın Azərbaycanın qədim və zəngin tarixə malik bölgələrindən biri olub. Onun sözlərinə görə, özünəməxsus təbiəti, dağları, meşələri, bulaqları və strateji coğrafi mövqeyi ilə seçilən bu diyar xalqımızın milli-mədəni irsində mühüm yer tutur:

“Lakin uzun illər ərzində Laçın və ətraf ərazilər işğal altında qalaraq öz doğma sakinlərindən ayrı düşmüşdü. İşğal nəticəsində şəhərin və kəndlərin infrastrukturu dağıdılmış, tarixi-mədəni irsimizə ciddi ziyan vurulmuş, minlərlə laçınlı doğma yurd-yuvasından didərgin salınmışdı”.


Süleyman
Xəbəri paylaş