Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri Böyük Qayıdış prosesinin sürətlənməsini reallaşdırır

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri Böyük Qayıdış prosesinin sürətlənməsini reallaşdırır


“26 avqust Azərbaycan xalqının yaddaşında mühüm və qürurverici tarixlərdən biridir. Məhz bu gün Laçın şəhərinin işğaldan azad edilməsi kimi tarixə düşdü”.

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. Onun sözlərinə görə, 2020-ci ilin sentyabrında başlanan Vətən Müharibəsi digər işğal altında olan şəhər və rayonlarımız kimi Laçının da düşmən tapdağından azad olmasına yol açdı:


“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək işğal altındakı ərazilərimizin azad olunmasını təmin etdi. Qısa müddətdə düşmənə vurulan sarsıdıcı zərbə onu kapitulyasiya aktı imzalamağa məcbur etdi. Beləliklə, üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması ilə rayonun böyük hissəsinin azad olunması təmin edildi. Sonrakı mərhələdə Laçın şəhərinin özündə Azərbaycan bayrağının dalğalanması və şəhərin yenidən həyat qazanması xalqımız üçün xüsusi mənəvi əhəmiyyət kəsb etdi. Bu, tarixi zəfərimizin mühüm mərhələlərindən birini təşkil edirdi. Bir güllə atmadan Laçının boşaldılması və Azərbaycan Ordusunun nəzarətinə keçməsi, təkcə hərbi deyil, eyni zamanda diplomatik uğurun göstəricisi idi”.

Arzuman Muradlı qeyd edib ki, 26 avqust tarixində Laçın şəhərinin də tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə qələbəmiz tam təmin edilmiş oldu. Politoloq diqqətə çatdırıb ki, həmin tarix Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamla Laçın Şəhər Günü kimi qeyd edilir:

“Bu gün artıq laçınlılar Laçın Şəhər Gününü öz doğma torpaqlarında, Laçında qeyd edirlər. Cənab Prezidentin diqqət və qayğısı, birbaşa nəzarəti altında bu gün Laçın yenidən qurulur, abadlaşır. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri Böyük Qayıdış prosesinin sürətlənməsini reallaşdırır”.

Arzuman Muradlı onu da deyib ki, Laçın bu gün azadlığın, dirçəlişin, quruculuğun və qayıdışın rəmzidir:

“Şəhərin yenidən qurulması Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi böyük inkişaf strategiyasının parlaq nümunəsidir”.

Süleyman
Xəbəri paylaş