
"Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin dəvəti ilə 23 avqust 2026-cı ildə Özbəkistan Respublikasına dövlət səfərinə gedib. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentləri arasında yüksək səviyyəli görüşlər və danışıqlar keçirilib, həmçinin Ali Dövlətlərarası Şuranın üçüncü iclası baş tutub. Səfərin yekunlarına dair 23 avqust tarixində Ölkə Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış etmişdir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Samir Kərimov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsini və iki qardaş ölkə arasında mövcud olan möhkəm dostluq əlaqələrini bir daha ətraflı nümayiş etdirir:
"Dövlətimizin başçısının Daşkənd və Özbəkistanda gedən sürətli inkişaf prosesləri ilə bağlı fikirləri məhz Prezident cənab Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən islahatların və məqsədyönlü siyasətin ölkənin tərəqqisində mühüm rol oynadığını göstərir. Bu fikirlər eyni zamanda Özbəkistanın iqtisadi, sosial və infrastruktur sahələrində əldə etdiyi nailiyyətlərin, beynəlxalq mövqeyinin və inkişaf potensialının artmasının yüksək qiymətləndirildiyini ortaya qoyur.
Ölkə başçısı mətbuata bəyanatı zamanı onuda vurğulamışdır ki, Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir. Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və onların hamısı birlikdə münasibətlərimizin çoxşaxəli və bənzərsiz xarakterini nümayiş etdirir. Praktiki olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətlər üzrə əməkdaşlıq həyata keçirilir. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və yeni layihələrə başlayarkən bu layihələrin sadalanması belə əməkdaşlığımızın nə qədər geniş və çoxşaxəli olduğunu göstərir.
Bankçılıq sahəsində əməkdaşlığımız, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına
və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olması da iqtisadi əlaqələrimizin yeni istiqamətlər üzrə inkişaf etdiyini göstərir. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa böyük ümid bəsləyirik".
Hakim partiya təmsilçisi qeyd edib ki, Azərbaycanla Özbəkistan arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətləri gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır:
"İki ölkənin iqtisadi imkanlarının və birgə təşəbbüslərinin artması əlaqələrimizin yeni istiqamətlər üzrə inkişafına şərait yaradır. Qarşıdakı dövrdə bu münasibətlərin daha da dərinləşməsi həm Azərbaycan, həm də Özbəkistan üçün yeni uğurlar və perspektivlər vəd edir".
Anar












































